"Sizlər sizə olan etimadı itirdiniz, siz müstəqil siyasət institutu statusunuzla qürrələnməkdən utanmalısınız"
Avropa Azərbaycan Cəmiyyəti (TEAS) "Chatham House" təşkilatına açıq məktub ünvanlayıb.
TEAS-dan APA-ya verilən məlumata görə, məlktubda deyilir: "Avropa Azərbaycan Cəmiyyəti yazaraq nəzərinizə çatdırır ki, Bako Saakyanın “Chatham House” İnstitutu tərəfindən rəsmi olaraq Böyük Britaniyaya görüşə dəvət olunması qərarı bizə ədalətli münasibət deyil.
Bu hadisənin Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ müharibəsi zamanı 20000 nəfərə qədər ailəsini və dostunu itirmiş və bu insanın ucbatından hələ də yerindən-yurdundan didərgin düşmüş minlərlə azərbaycanlı məcburi köçkünün sonsuz kədərinə səbəb olmasını, şübhəsiz, təsəvvür edə bilərsiniz. Sizin bu insanı Chatham House-a dəvət etməniz keçən 23 il ərzində kifayət qədər əzab çəkmiş insanların üzünə təhqiredici şillə kimi qəbul olunur. Xüsusilə, Ermənistandakı cari vəziyyəti nəzərə alsanız, bunun regionda sülh və demokratiyaya olan ümidlərə bir zərbə olduğuna əmin ola bilərsiniz.
Siz çox yaxşı bilirsiniz ki, Bako Saakyan dünyada heç bir ölkə tərəfindən tanınmayan qondarma rejimin təmsilçisidir. O, BMT, Avropa Şurası, NATO və bir çox digər təşkilatların Azərbaycan torpaqlarının işğalını dayandırmağı və hər şeyindən məhrum olmuş sakinlərin öz yurdlarına qayıtmasını tələb edən qətnamələrini təkzib edən silahlı qüvvələri təmsil edir. O, heç bir beynəlxalq hökümət tərəfindən tanınmayan qondarma seçkilər əsasında vəzifə tutmaq iddiasındadır və məhz o, öz ailələrinin qəbirlərini ziyarət etməyə gedərkən (həmin vaxt onların dostu da öldürüldü) girov götürülmüş iki azərbaycanlının saxlanmasında məsuliyyət daşıyır.
Bako Saakyan da, şübhəsiz, Gürcüstandakı və bu gün Ukraynada Donbas və Luqanskda günün mövzusu olan separatçılarla eyni rolu oynayır və eyni xidməti göstərir. Bunun da çətin ki, sözügedən regionlarda stabilliyə faydası olsun.
TEAS sizdən xahiş etdi ki, ən azından bu keçmiş KQB rəhbərinin qatıldığı görüşdə iştirak edərək, onun mövqeyinə dair həqiqəti çatdırmaq üçün bizə də icazə verəsiniz. Beynəlxalq Məsələlərə dair Kraliyyət İnstituna uzun müddət üzv olmağımıza baxmayaraq, siz zorakı qüvvələr siyasəti üzrə təcrübəli mütəxəssislə bir arada olmağı üstün tutaraq, bizim iştirakımızı qəbul etməyi rədd etdiniz.
Sizlər sizə olan etimadı itirdiniz, siz müstəqil siyasət institutu statusunuzla qürrələnməkdən utanmalısınız.
Buna görə də biz zorakı qüvvələr siyasətinə qarşı olan insanlara müraciət edirik ki, bu gün "Chatham House"un qarşısında keçirəcəyimiz etiraz aksiyasında bizə qoşulsunlar".