ATƏT Bakı və İrəvanı təcili danışıqlara başlamağa çağırır
08 fevral 2015 00:02 (UTC +04:00)

ATƏT Bakı və İrəvanı təcili danışıqlara başlamağa çağırır

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış vəziyyətdən narahatdır. APA-nın təşkilatın saytına istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in hazırkı sədri İvitsa Daçiç, təşkilatın baş katibi Lamberto Zanyer və ATƏT Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında bildirilib.   

 

ATƏT-in hazırkı sədri, Serbiyanın XİN rəhbəri  İvitsa Daçiç bu gün Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ),  Pyer Andre (Fransa), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və ATƏT-in baş katibi Lamberto Zanyer iştirak edib.

 

 

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində son hadisələr müzakirə olunub. 

 

 “Biz hamımız onunla razıyıq ki, qoşunların təmas xətti boyunca və Ermənistan-Azərbaycan sərhədində vəziyyət pisləşir və bu regional sabitliyə və dinc sakinlərin həyatına təhlükə yaradır.  Anjey Kasprşikin monitorinq hesabatında 2015-ci ilin yanvar ayı ərzində 12 ölüm və 18 yaralanma faktı qeyd olunub ki, bu da 1994-cü ildə atəşkəs rejimi elan olunduqdan sonra  qeydə alınan ən çox göstəricidir. 2014-cü ildə isə 60 nəfər həlak olub və biz bu qorxulu tendensiyanın davam etməsindən narahatıq”, deyə birgə bəyanatda deyilir.    

 

Diplomatlar münaqişənin hərbi yolla həllini istisna edərək tərəfləri gücdən istifadə etməməyə çağırıblar.  

 

“Biz tərəfləri hücumlara, dinc sakinlərə atəş açmağa son qoymağa çağırırıq və gərginliyin azalması və atəşkəs rejiminin gücləndirilməsi istiqamətində əlavə tədbirlər görməyə səslənirik. Biz ATƏT müşahidəçilərinin monitorinqləri zamanı təhlükəsizlik zəmanətinin tam təmin edilməməsini yolverilməz hesab edirik”, deyə bəyanatda vurğulanır. 

 

Bundan başqa ATƏT təşkilatın Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin 2014-cü ilin dekabrın 4-də Bazeldə verdikləri bəyanatı təsdiqləyib. Bəyanat tərəfləri meyitlərin və saxlanılanların qaytarılması məsələsi daxil olmaqla humanitar məsələləri nizamlamağa çağırır. Bu məsələ  2010-cu il oktyabr tarixli Həştərxan bəyanatında da öz əksini tapıb.     

 

Minsk Qrupu təşkilatın hazırkı sədrinin tam dəstəyi ilə region üçün böyük problem olan bu münaqişənin dinc yolla nizamlanmasına gətirəcək danışıqlar prosesini aktivləşdirməyə hazırdır.

 

“Biz təkidlə tərəfləri siyasi iradə göstərməyə,  yubatmadan və qeyd-şərtsiz danışıqlar prosesinə başlamağa çağırırıq”, deyə ATƏT-in bəyanatında qeyd olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Oxşar yazılar