Azərbaycan XİN bu barədə ATƏT-ə məktubla müraciət edib
Azərbaycan Xarici İşlər Nazirliyi ötən həftə ATƏT-in Bakı Ofisinin mandatı ilə bağlı ATƏT rəhbərliyinə və quruma üzv dövlətlərə məktub göndərib. ATƏT-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanla ATƏT bu qurumun Bakı Ofisinin mandatı məsələsini müzakirə edirlər.
ATƏT-in mətbuat xidmətinin rəhbər müavini Frane Maroeviç APA-ya verdiyi açıqlamada məktubda qoyulan məsələnin Daimi Şuranın martın 14-də keçirilmiş iclasında müzakirə olunduğunu deyib. Müzakirələrin mahiyyətini açıqlamayan Maroeviç bildirib ki, müzakirələr məxfi xarakter daşıyır. Onun sözlərinə görə, qaldırılan məsələ ATƏT-in baş katibi Lamberto Zannyerin Azərbaycana səfəri zamanı prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə də müzakirə olunub.
Qeyd edək ki, ATƏT-in ofislərinin mandatı yerli hökumətlə razılaşdırılır və ATƏT-ə üzv 57 ölkənin yekdil qərarı ilə təsdiqlənir.
ATƏT-in Bakı Ofisi 2000-ci ildən fəaliyyət göstərir, onun mandatı hər il təzələnir. Ofisin mandatı sonuncu dəfə ötən ilin noyabrında təzələnib, büdcəsi isə ötən ay təsdiqlənib.