At Hüseynin badalağı – TƏRƏKƏMƏ HEKAYƏTLƏRİ
28 fevral 2013 17:55 (UTC +04:00)

At Hüseynin badalağı – TƏRƏKƏMƏ HEKAYƏTLƏRİ

Tanınmış şair Qəşəm Nəcəfzadənin Lent.az-a yazdığı “Tərəkəmə hekayətləri” silsiləsi davam edir. Burada şairin uşaqlıq və yeniyetməlik dövründə yaşadığı mühit, tərəkəmə həyatı, adət-ənənələri, müxtəlif xatirələri yer alır.

 

V YAZI

 

Bizim tərəkəmə fermalarında min dili min açarı olan bir çoban var, adı da At Hüseyn.  İpləmənin biri. At nallayan və axtalayan. Fermalarda qoçların xayalarını o burur, sonra kəndirlə bağlayır. Bu cür qoçlara “buruq  qoc” deyirlər. Daha bu qoçlar qoyun sürüb arıqlamırlar. Onları sürüdən ayırıb ötürürlər xamın ortasına. Bu cür qoçları satmaq üçün kökəldirlər. Yaxşı yadımdadır, atam həmişə buruq qoçların belini əlləyib deyirdi: “Hərəsinin üstündə ən aşağısı iki yüz manat yatır”. Yazığım gəlir belə qoçlara, qoçluqları əlindən alınıb. Qoyunun üçündə cəmi beş-altı damazlıq qoç saxlayırlar. Dişi qoyunlar döl tutandan sonra onları da qatırlar buruq qoçların içinə. Deyirlər, boş yerə qoyun sürüb arıqlamasın.

 

At Hüseyn allahın bəlasıdır. O, hətta buynuzlu, ağzı köpüklənən kələlərin də xayalarını burur və şaha qalxan dayları axtalayır. Əlindən hər sənət gəlir At Hüseynin. Arvadbaz olsa da, sevə bilmir. Sevgi onun üçün axtalanmış at kimi şeydir.

 

Laçından bir həkim gəlmişdi bizim fermaya. Arvadı vardı, sanki ağ maya. Bir az üzüyola, qəşəng bir qadın. Deyirlər, At Hüseyn ona çəmi bir dəfə əlini çəkib, vəssalam. Dağar Cəmil deyir ki, dildə arvadbazdı At Hüseyn. Çox vaxt özünə böhtan deyir, adını çıxardır.

 

At Hüseyn qoyun kəsəndə quyruğunu dörd bölüb ağzına atır, yeməyin üstündən həmişə bir stəkan yağ içir. Atın arxa ayaqlarını özü tutur, özü qaldırır, özü nallayır. Atlar At Hüseyni görəndə qorxur.

 

Arvadı da ağzıyırtığın biri. Gecə aralarında nə olur, sabah  danışır ferma arvadlarına.

 

- Bax məni burda sizlə söhbət eləyən görsə ha, o saat başımı kəsər. Hirslidir. Qabaqkı arvadını elə buna görə öldürüb. Cibində lüt arvad şəkilli kartlar var. Daha qorxumdan deyə bilmirəm ki, bunlar kimin arvadının şəklidir.

 

O vaxtdan arvadlar da başladı öz ərlərinin cibində şəkil axtarmağa. Birinin cibindən qoyun qığı çıxdı. Sən demə çöldə qoyun otaranda çoban yoldaşı ilə “qığmərə” oynayırmış.

 

At Hüseynin sevgisini qoç burmaq, at axtalamaq və cibindəki lüt qadın şəkilləri öldürmüşdü. Hər halda, dəqiq bilən yoxdur. Amma mən bilən, onu erkək heyvanların qarğışı tutub.

 

At Hüseyn yaxşı dombalaq aşır, adama yaxşı badalaq vurur, həm eləsindən, həm beləsindən. Birini ayağı ilə vurur, birini dili ilə. Onun badalağından qurtarmaq çətin olur. Tərəkəmə fermalarında  çox əlləm-qəlləm işlərin müəllifidir At Hüseyn.

 

Bir dəfə Ağcabədi fermalarının yanından keçirmiş. Yanında da Çəpgöz Səməd. Görür bir çobanı sürünü yaylıma verib, yəni sürü dağın döşündə yayılıb rahat otlayır. Qoyunlar  göz oxşayır, çoxu da Qarabağ cinsi. At Hüseyn tez “badalağ”ın birini işə salır. Səmədə deyir ki, mən çobanın başını qatajam, sən o tərəfdən qoyunu böl.

 

At Hüseyn çobana çatır, boynunu qucaqlayıb başlayır ağlamağa:

 

- Ay əmioğlu, ölmədim, axır ki, səni gördüm.

 

Çoban qalır mat-məəttəl, bilmir neyləsin:

 

- Ayə, sən kimsən eeyy?

 

At Hüseyn çobanı yenə basır bağrına, başlayır bu dəfə lap bərkdən ağlamağa:

 

- Ayə, bəs sən əmioğlunu niyə tanımadın? Bəs əmim sənə deməyib? Atalarımız qardaşdı. Mənim atam müharibədə itkin düşüb. Sonra Dərbəndə gəlib çıxıb, mən Dərbənddə doğuldum. Atam öləndən sonra köçdüm Bərdəyə. O son ana tək qardaşını arzuladı. Görməmiş getdi. Mənə dedi ki, əmini tapmasan yanıma gəlmə.

 

Bu dəfə At Hüseyn “ay əmioğlu” deyib çobanı yenidən bağrına basır, çoban da kövrəlir, axırda çoban da bunun boynunu qucaqlayır. O hönkürür, bu hönkürür. O qucaqlayır, bu qucaqlayır. Səməd də qoyunu o tərəfdən seçir. Tərəkəmələrdə qoyun oğurluğuna “seçmək” deyirlər.

 

At Hüseyn çobanı bir də qucaqlayır, “ay əmioğlu” qışqırır. Sevindiyindən aradabir sol əli ilə papağın üstündən başına vurur. Çoban əmioğlusunun xətrinə ondan da bərk qışqırır.

 

At Hüseyn deyir:

 

- Ay əmioğlu, Sarıyer yaylağından keçirdim, səni gördüm. Əmimin iyini səndən aldım. Bir az toxtadım. Gözlərim yollarda idi.

 

Çoban At Hüseynə nətəhər inanırsa, indi o əl çəkmir. At Hüseyn də ayağının birini qaçaq qoyub. Düşünür ki, Səməd öz işini artıq görüb qurtarmış olar.

 

Çoban əl çəkmir. Deyir, getməliyik bizə. Qoy atam görsün ki, kim gəlib. Ayağının altında dəvə kəssin. Qoy kəndimiz, fermamız  görsün ki, mənim necə əmioğlum var.

 

At Hüseyn deyir ki, yox, əvvəl sən bizə gəl, qoy atamın ruhu şad olsun ki, onun ocağına çoxdan axtardığı qardaşı oğlu gəlib.

 

Çoban deyir:

 

- Yox, əvvəl sən gəl.

 

At Hüseyn deyir:

 

- Əmioğlu, məni kövrəltmə, birinci sən gəlməlisən. Mən getsəm əmimi görən kimi ürəyim partlayar, çünki atam ondan “əli uzalı” gedib. Dözmərəm. Atam əmimi ölən günə kimi arzuladı.

 

Bu dəfə çoban At Hüseyni qucaqlayıb lap hönkürür. At Hüseyn də onu bağrına basır, amma bir gözü yal tərəfdə olur, görür ki, Səməd seçdiyi qoyunları artıq yaldan aşırmaqdadır. Bir az fırlansa çoban görə bilər. At Hüseyn növbəti badalağını işə salır, ayağını çobanın ayağının yanına qoyub onu azca qanırır ikisi də yıxılır yerə. Başlayırlar  yerdə ağlamağa.

 

Bir azdan durdular ayağa, qucaqlaşıb öpüşülər, yenə qucaqlaşırlar.

 

Artıq Səməd böldüyünü yaldan aşırmışdı.

 

At Hüseyn dedi:

 

- Gedib qohum-əqrəbaya xəbər verim, üç-dörd günə gələcəyik əmimin yanına.

 

Çoban deyir, əmioğlu, başına dönüm, atama bunu desəm, ürəyi partlayacaq. Tez gəlin.

 

At Hüseyn “baş üstə” deyib gözünün yaşını silə-silə bir göz qırpımında yalı aşır. Görür  ki, Səməd on doqquz baş yaxşı şişək seçib. Şişək, yəni bir yaşlı qoyun. Belə deyək ki, qoyunun həddi-buluq vaxtı.

 

Sizə kimdın deyim, çobandan. Çoban ağlaya-ağlaya sürünü gətirir arxaca. Atasını qucaqlayıb hönkürür. Deyir ki, əmim oğlunu tapdım. Atası deyir ayə, nə əmioğlu, sənin əmin var ki, oğlu da olsun?

 

- Hə varmış, müharibədə itkin düşübmüş. Mən bu gün tapdım onu.

 

Atası şübhələnir. Deyir ə, qoyunu sayın görüm. Sayırlar, sürüdən on doqquz qoyun kəm gəlir.

 

Çobanın atası barmağını dişləyir:

 

- Sən öl bu, Əliqulular At Hüseynin işi olacaq. Oğluma badalaq gəlib...

 

Atı minib tərpənir Əliquluların obasına, Əyriqarın altına...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1968

Oxşar yazılar