Aslan İsmayılov: “Başımı kəsməyə hazır qüvvələr var idi... - MÜSAHİBƏ
09 sentyabr 2008 13:41 (UTC +04:00)

Aslan İsmayılov: “Başımı kəsməyə hazır qüvvələr var idi... - MÜSAHİBƏ

Qarşınıza yeni rubrika ilə çıxırıq: “Sən haradasan?” Azərbaycanda uzun müddət bu və ya digər sahədə populyar olub, sonra müxtəlif səbəblərdən kənara çəkilən, hətta ictimai-siyası mühiti birdəfəlik tərk edən xeyli adamlar var. Onlar arasında siyasətçilər, hüquqşünaslar, hüquq müdafiəçiləri, mədəniyyət xadimləri, bir sözlə, bütün peşə sahibərinə rast gəlmək olar. Bu rubrikada həmin şəxsləri oxucuların görüşünə gətirməyə, onların əvvəlki fəallıqlarının azalmasının cəbələrini öyrənməyə, indiki fikir və mövqelərini cəmiyyətə çatdırmağa çalışacağıq.
Rubrikamızın ilk qonağı tanınmış hüquqşünas, “Viza” hüquq firmasının prezidenti Aslan İsmayılovdur. Bu ad oxucularımızın əksəriyyətinə tanışdır. Amma o da mümkündür ki, təzəcə ictimai həyatla maraqlanmağa başlayan hansısa gənc, onun kimliyi ilə maraqlansın. Qınamalı deyil, çünki qəhrəmanımız uzun müddətdir ortalarda görsənmir.

Aslan İsmayılovun 1988-ci ildə Sumqayıtda erməni təxribatı ilə bağlı baş vermiş hadisələrin araşdırılmasında, səs-küylü məhkəmə proseslərində, o cümlədən bir zamanlar Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin sabiq rəisi Nizami Qocayevin məhkəmə işi, mətbuata qarşı qaldırılan iddiaların hüquqi müdafiəsi, Avropa Şurası ilə əlaqələr, qəzetlərin çap problemlərinin həlli, həbsə salınan bir qrup sahibkarın azadlığa buraxılması, 2005-ci ilə parlament seçkilərinə qatılması ilə bağlı fəaliyyəti çoxlarının yadındadır. Təkcə bunlar yetər ki, indiki durğunluğu nəzərdə tutub, ona “Sən haradasan” sualını verək:

- Bu gün əvvəlki kimi fıal görünməməyimin səbəbini tək məndə axtarmayın. Bu işdə bir qədər də mətbuatın rolu var. Nə vaxt mənə sual ünvanlanıbsa, həvəslə cavab vermişəm. Sadəcə, son vaxtlar bu suallar yoxdur. Mənim də elə bir xarakterim yoxdur ki, durub mətbuata müraciət edim.

- Mətbuatın müraciət etməsi üçün də bir səbəb olmalıdır. Əvvəllər iştirak etdiyiniz qalmaqallı məhkəmə prosesləri bu müraciəti aktuallaşdırırdı. İndi özünüz bu cür işlərdən uzaqsız, ya bu qalmaqallar gəlib Aslan İsmayılovu tapmır?

- Bəzi insanlar özləri istəyirlər ki, qalmaqalların mərkəzində dayansınlar. Mən heç vaxt belələrindən olmamışam. Mənimlə öz istəyinə əsasən müqavilə bağlayan varsa, prosesə çıxıram, bağlamırlarsa, mən axtarışa çıxmıram.

- Bir zamanlar siyasətçi dostunuz İlyas İsmayılovun mövqeyini müdafiə edirdiniz. İndi siyasətçi dostunuz da qalmaqallardan uzaqlaşıb, bu kənara çəkilmənin sizin fəaliyyətinizə də təsiri varmı?

- Əsla. İlyas müəllimlə dostuq, amma hərəmizin öz mövqeyi var. Mənim mövqeyim heç vaxt kiminsə mövqeyindən asılı olmayıb. Əslində, mənim əsas problemlərim onunla bağlıdır ki, müstəqil mövqe tutmuşam. Bizdə müstəqil mövqeli insanı nə hakimiyyət, nə də müxalifət sevir. Hökmən kiməsə züy tutmalısan.

- Bir zamanlar sizə qarşı təzyiqlər o yerə gəlib çatmışdı ki, səhhətinizdə problemlər yarandı. Bu proseslər indi arxada qalıbmı?

- 1999-2002-ci illər mən “Baku Printinq Press” mətbəəsinin sahibi olanda faktiki olaraq bütün müxalifət qəzetləri orada çap olunurdu. Həmin illərdə Azərbaycan Nəşriyyatı tərəfindən qəzetlərin çapına əngəllər törədilirdi. O vaxt risk altına girib, qəzetləri çap etdik. Uzun illər mətbuat özünə dost seçirdi. Bir il iqtidardan, bir il müxalifətdən insanlar seçildi. Hansı ki, bunların mətbuata heç bir köməyi və aidiyyatı yox idi. 3 il ərzində mətbuatın ağır yükünün bir qismini öz üzərimə götürmüşdüm. Əsasən də müxalifət mətbuatının. Onların bir çoxu, “Yeni Müsavat” istisna olmaqla, pulsuz çap olunurdu. Yalnız kağızın pulunu alırdıq. Hətta bəziləri heç kağız pulunu belə vermədilər. Elə bu səbəbdən də çox pis maddi duruma düşdüm. Çoxları mətbuatın çapından kifayət qədər qazanırdı. Mən isə əlimdə olan bütün əmlakımı itirdim. Amma bir dəfə də “sağ ol” deyən olmadı. Başqaları kimi, mətbuatdan siyasi məqsədlər üçün istifadə etmək niyyətim yox idi. İstəyirdim ki, Azərbaycanda azad, müstəqil mətbuat mövcud olsun. Amma bu niyyətim məni gətirib xeyli borclandırdı. Və təzyiqlərə səbəb oldu. Bu da gətirib sağlamlığımın pozulmasına çıxardı. Bunu bir adam bircə dəfə də olsun dilinə gətirmədi. Elə məsələnin ağır tərəfi də budur. Konkret ad çəkmək istəmirəm, onsuz da mətbuat indi ağır durumdadır. Bəzilərinə dedim ki, mənə olan borclarınızı ödəyin, bankda girova ev qoymuşam. “Baybank”dan kredit götürmüşdüm. Həmin redaktorlar çap pulu bir yana, heç kağızın pulunu belə vermədilər.

- Mətbuata qarşı olan proselsərin demək olar ki, əksəriyyətində çıxış edirdiniz. İndi bu məhkəmələrdə sizi görmürük. Görünməməyinizin kökündə bu incikliklər dayanır?

- Bilirsiniz, mən bu cür işlərdə kimisə müdafiə etmişəmsə, inanırdım ki, bu mətbuatın azadlığına, müstəqilliyinə xidmət edir. İndi mən gedim müxalifət mətbuatını müdafiə edim, o da gedib kiməsə qulluq etsin... Artıq bu yaşı keçmişəm. Bu cür proseslərə çox çıxdım. İndi nə hakimiyyətə, nə də müxalifətə vasitə olmaq istəmirəm. Hakimiyyətin və müxalifətin hazırkı durumu mənə çox ağrılı gəlir.

- Sizin bir neçə dəfə Prezident İlham Əliyevlə görüşləriniz olub. Bu görüşlərdən sonra deyirdiniz ki, bəzi problemləri diqqətə gətirirsiniz. İndi heç belə görüşlər də yoxdur. Bəs bunun səbəbi nədir?

- Mənim gördüyüm problemləri çatdırmaq imkanlarım olur. Çoxları mənim bugünki susqunluğumu onunla izah etməyə çalışırlar ki, İlham Əliyevlə görüşüb bütün problemlərini həll etdi. 2005-ci il parlament seçkilərinə gedəndə “Azadlıq” bloku təklif etdi ki, gəl bizim blokdan get. Amma bildirdim ki, nə iqtidar, nə də müxalifət blokuna qoşulmaq istəmirəm. Dedilər, əgər belədirsə, hansı dairədən namizədliyini versən, oradan ən güclü namizədimizi verəcəyik. Və mənim getdiyim dairədən Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini verdilər. Bilirsiniz, mən seçkilərdə nə üçün səs toplaya bilmədim? Bütün müxalifət belə bir təbliğat apardı ki, Aslan İsmayılov İlham Əliyevlə görüşüb və mandatı guya artıq alıb, ona səs verməyin. Amma həyat sübut etdi ki, belə deyil. Mən heç vaxt bu cür xahişlərlə kimlərisə narahat etmərəm, alverə getmərəm. Bu cür söhbətlərə görə də proses qalmaqaldan kənarda qalan digər namizəd - polis rəisi Adil Əliyevin xeyrinə işlədi. Müxalifət mənə mane olmasaydı, parlamentdə təmsil oluna bilərdim. Parlamentdə təmsil olunmağım isə iqtidardan çox müxalifətin xeyrinə olacaqdı. Heç müxalifətin özünə də azad fikirli insan lazım deyil. Səmimi deyirəm, mənim vəkil kimi qazancım parlamentdən alacağım maaşdan çoxdur. Həyatım daha sakitdir. Üç dəfə parlament seçkilərinə getmişəm, ikində iqtidar mane olub. Səsləri topladım, amma qoymadılar. Üçüncü dəfə də hakimiyyət kamandasında başımı kəsməyə hazır qüvvələr var idi. Lakin Prezident İlham Əliyevlə görüşdən sonra bu qüvvələr geri çəkildilər, mənə mane olmadılar. Bu məqamda isə müxalifət mane oldu.

- Hazırda nə işlə məşğulsuz?

- Mən gördüyüm işlərin hamısını dilə gətirənlərdən deyiləm. Amma bu gün Gürcüstan azərbaycanlıları ilə bağlı bır sıra işlərimiz var. Bu istiqamətdə fəaliyyət göstərən “Tolerant” ictimai qurumun başçısıyam. Mümkündür ki, bu məsələlərlə bağlı ortaya çıxan problemləri cəmiyyətin diqqətinə çatdırmaq üçün mətbuat konfransı keçirək.

- Bir zamanlar sahibkarlar öz hüquqlarını daha fəal şəkildə müdafiə edirdilər. İndi onlar da geri çəkiliblər. Sizcə bunun səbəbi nədir?

- Həqiqətən də 2003-2005-ci illərdə onlar daha fəal idilər, haqlarını tələb edirdilər. İndi isə sahibkarla problemlərini, işlərini Azərbaycansayağı vasitələrlə düzüb-qoşmağa daha çox meyl edirlər. Mən onları bir tərəfdən qınaya da bilmirəm. Biz millət olaraq həmişə kimlərinsə qurbana çevrilməsini istəyirik. Özü də qurban olandan sonra o, çox hörmətə minir. Məsələn, bu gün Aslan İsmayılov heç kimə lazım deyil, yada düşmür, amma sabah ölsün, minlərlə insan çıxıb onun necə yaxşı, lazımlı insan olduğunu bildirəcək. Sağlığında insanlara qiymət verilmir.

- Bu cür kənarda qalmağınız sizi qane edirmi?

- Vallah, mən məqsədli şəkildə gündəmə gəlmək istəmirəm. Amma vətəndaş kimi kim mövqeyimi soruşsa bunu bildirməyə hazıram. Məsələn, seçkilərlə bağlı mövqeyimi soruşsaz bunu bildirməyə hazıram.

- Maraqlıdır...

- Bu gün məni nə hakimiyyət komandasının, nə də müxalifətin mövqeyi qane edir. İqtidar komandası özünü elə aparır ki, sanki seçkilər yekunlaşıb. Prezidenti nəzərdə tutmuram. Bu da mənim prezidentə müsbət münasibətim ilə bağlı deyil. Mən prezidentin şəxsi keyfiyyətlərinə yaxşı bələdəm, amma komandanı da yaxşı tanıyıram. Komanda özünü indidən qalib kimi aparır. Müxalifət isə seçkiyə getmək əvəzinə kənarda dayanır və sonra da bir qrup yaradır. Nə oldu ki, seçkiyə getməyə görə ayrı düşmüşdülər, amma sonra birdən-birə seçkiyə getməməklə birləşib qrup yaratdılar. Bu gün xarici güc mərkəzlərinin heç biri Azərbaycanda stabilliyin olmasında maraqlı deyil. Hakim komandada elə qüvvələr var ki, sabitlik istəmir. Çünki sabitlik zamanı prezident xalqa arxalanaraq istədiyi zaman komandada dəyişiklik edə bilər. Hakimiyyətin və müxalifətin bir-birinə düşmən mövqedə durması gətirib sonda məmləkətin yanmasına səbəb olacaq.

- Seçkinin nəticələri barədə ehtimallarınız varmı?

- Hazırda seçkini saxtalaşdırmağa ehtiyac yoxdur. Seçkidə İlham Əliyevin səsinin heç olmasa 5 faizini qopara biləcək namizəd görürsünüz? Mən şəxsən görmürəm.
Müxalifətin zəifləməsi birinci növbədə hakimiyyətə lazım deyil. Niyə Heydər Əliyev bu müxalifəti zəiflətmədi? Bilirdi ki, müxalifət getsə, həmin boşluğu daha təhlükəli qüvvələr tuta bilər. Necə ki, bu gün radikal dini qurumlar ortaya çıxır. Bu, gələcəkdə hakimiyyətə problemlər yaradacaq. Amma müxalifət siyasi prosesə qatılır və bilirsən ki, bu insanlar heç vaxt dövlətçiliyə, Azərbaycana qarşı çıxmaz. Sabah dövlət və ya millət üçün təhlükə yaransa müxalifət hakimiyyətlə birləşə bilər. Lakin radikal dini qurumlar bunu etməyəcək, imkandan istifadə edib ölkəni daha pis vəziyyətə salacaqlar. Çünki onları xarici qüvvələr ortaya atır.

- Səsverməyə gedəcəksinizmi?

- Mütləq gedib, vətəndaş kimi mövqeyimi bildirəcəm.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2232
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar