Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) Roma şəhərində növbəti foruma start verib.
ASAİF-dən Lent.az-a verilən məlumata görə, forumun keçirilməsində əsas məqsəd dünyanın bir çox nüfuzlu ali məktəblərində təhsil alan və məzun olmuş gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək Azərbaycanın xaricdə təbliğinin səmərəli təşkilini təmin etmək, şəbəkələşmə prosesini gücləndirməkdir.
Məqsəd həm də informasiya mübadiləsində, təbliğat işinin interaktiv həyata keçirilməsində gənclərimizə dəstək olmaq, onların problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaq, dövlət rəsmiləri ilə gənclərimizi bir araya gətirərək onlar arasında dialoqu təmin etmək, illərlə qazanılmış təcrübələrin bölüşdürülməsi üçün ortaq platforma qurmaq, eyni zamanda İtaliya-Azərbaycan gənclər təşkilatının səmərəli münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığını artırmaqdır. Foruma 45 ölkədən 550 Azərbaycan gənci, İtaliyanın müxtəlif nüfuzlu gənclər təşkilatlarını təmsil edən 20-dən çox italiyalı gənc qatılıb. Forumda Dövlət Neft Fondunun, Strateji Araşdırmalar Mərkəzinin, Milli Məclisin, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun nümayəndələri, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının nümayəndə heyəti, o cümlədən bir çox dövlət rəsmiləri iştirak edir. Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov, təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, Azərbaycan-İtaliya Assosiasiyasının rəhbəri Paola Casagrande, Azərbaycan-İtaliya Ticarət İnstitutunun rəhbəri Mauela Traldi çıxış ediblər.
Forumda Dağlıq Qarabağ münaqişəsi ətrafında real vəziyyət, danışıqlar prosesinin perspektivləri, insan kapitalı, KİV və ictimai diplomatiya vasitəsilə Azərbaycanın mövqeyinin təşviq edilməsi, “Gələcəyə baxış: 2020” konsepsiyası ilə bağlı çıxışlar olacaq.