“Rusiya vətəndaşının sədr, hətta fəxri sədr olduğu bir qurumda Müsavat Partiyası qala bilməzdi”.
APA-nın məlumatına görə, bunu Müsavat Partiyası Məclisinin iclasında partiyanın Milli Şuradan çıxması ilə bağlı məsələyə münasibət bildirən partiyanın başqanı Arif Hacılı deyib. A. Hacılı qeyd edib ki, Müsavat Partiyası Rüstəm İbrahimbəyovun Milli Şuraya sədr seçilməsini və prezidentliyə namizədliyini dəstəkləyib, ancaq məlum olanda ki, o, Azərbaycana dönməyəcək və Rusiya vətəndaşlığından çıxmayacaq, Müsavat Milli Şuradan uzaqlaşmağı qərara alıb.
A. Hacılı bildirib ki, Rusiya vətəndaşı olan bir şəxsin simvolik də olsa Azərbaycan müxalifətini bir araya gətirən quruma rəhbərlik etməsinin fəsadlarını Müsavat Partiyası öncədən görürdü: “Bu gün Rüstəm İbrahimbəyov Krımın Rusiyanın torpağı olduğunu deyir. Adi bir yazıçının belə bir yanlışlığa yol verməsini anlamaq olardı. Ancaq Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədridir. Belə bir bəyanat isə tarixi və siyasi baxımdan düzgün deyil. Çünki Krım tarixən tatarların torpağıdır, siyasi cəhətdən isə Ukraynanın tərkibindədir. Dünya bunu belə qəbul edir. Krımı Ukraynanın bir parçası kimi qəbul etmək Azərbaycanın da mənafeyinə uyğundur. Çünki bizim də Qarabağ problemimiz var”.
A. Hacılı Müsavat Partiyası ilə “Yeni Müsavat” qəzeti arasında müəyyən nüansların yarandığını da söyləyib: “Mən başqan seçilməzdən əvvəl Rauf Arifoğlunun partiyanın üzvü olduğunu və 4 ay həbsxanada birlikdə olduğumuzu nəzərə alıb, müəyyən məsələlərlə bağlı ona iradlarımı bildirirdim. Ancaq Müsavat Partiyası başqanı olduqdan sonra hesab etdim ki, bir qəzetin və onun kollektivinin işinə qarışmaq düzgün deyil. Bu, demokratik prinsiplərə ziddi olardı. Qəzetin fəaliyyətinə görə partiya heç bir məsuliyyət daşımır. Bunu hər kəsin bilməsini istərdim”.