Aprelin 30-da Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin nüfuzlu universitetlərindən biri olan Orta Doğu Texniki Universitetinin (ODTÜ) Beynəlxalq Münasibətlər Fakültəsinin tələbələri ilə dəyirmi masa ətrafında görüş keçirib. Azərbaycanın Türkiyədəki səfirliyindən Lent.az-a verilən xəbərə görə, tədbiri, sözügedən ali təhsil ocağının Beynəlxalq Münasibətlər kafedrasının müdiri, professor Hüseyin Bağcı aparıb.
ODTÜ-nün Beynəlxalq Münasibətlər kafedrasının çox sayda tələbə və müəlliminin iştirak etdiyi toplantıda Azərbaycan XİN rəhbərinin müavini Araz Əzimov Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən əldə etməsindən sonrakı siyasi tarixi ilə bağlı mühüm məlumatlar verib.
Nazir müavini, Azərbaycanın çox mühüm geo-strateji mövqeyindən, Ermənistanın tarix boyu ölkəmiz əleyhinə olan plan və addımlarından, Azərbaycanın təcavüzə məruz qalmasına baxmayaraq, Dağlıq Qarabağ probleminin yaratdığı çətinliklərə aldırmayaraq inkişafa nail ola bilməsindən, strateji əhəmiyyətə malik regional və beynəlxalq səviyyəli layihələrlə Azərbaycanın inkişaf sürətinin getdikcə artacağından danışıb.
Araz Əzimov həmçinin görüşdə qeyd edib ki, Ermənistan düşünülməmiş siyasəti ilə özünü regiondan və beynəlxalq aləmdən təcrid edib. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğalı ilə mövcud vəziyyətin davamı getdikcə Ermənistana zərər verir. Bundan başqa nazir müavini Ermənistanın iqtisadi, demoqrafik və sosial fəlakətə doğru sürükləndiyindən və ATƏT-in Minsk Qrupunun fəaliyyət və Azərbaycanın problemin həlli istiqamətində olan rasional təkliflərindən geniş və əsaslı şəkildə söz açıb.
Tədbir sual-cavab hissəsi ilə davam edərək başa çatıb.