Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Hacı Allahşükür Paşazadə terrorizm ilə mübarizədə dini dəyələrdən istifadə olunmamasından narazıdır.
APA-nın məlumatına görə, bu barədə o, Bakıda keçirilən “Terrorizmin qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinə dair Beynəlxalq Konfransda bildirib.
Şeyx bu məqamın onu ciddi narahat etdiyini deyib: “Çox təəssüf ki, terrorizm və ekstremizmlə mübarizədə səmavi dinlərin mənəvi-əxlaqi dəyərlərindən yetərincə istifadə olunmur. Bizi narahat edən bu məqamlar haqqında, özəlliklə terrorizmin separatçı mahiyyəti barədə prezidentimiz İlham Əliyev cənabları dəfələrlə, o cümlədən bugünkü konfransda da kəskin məntiqi fikirlərini bildirib. Azərbaycan dövləti terrorizmdən böyük əziyyətlər çəkib. Millətçi və separatçı terrorizmin acı qurbanları sırasında erməni ekstremistləri tərəfindən işğal olunmuş 20 faiz ərazimiz, bir milyona yaxın yurdlarından zorla çıxarılmış qaçqınlar ordusu, vəhşicəsinə qətliama məruz qalmış Xocalı şəhəri var.
Bir sıra ölkələrin Xocalı faciəsini soyqırımı kimi tanıması faktına görə mən dindarlarımız adından minnətdarlığımı bildirmək istəyirəm. Lakin təəssüf ki, BMT-nin və İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qərar və qətnamələrə baxmayaraq, haqq-ədalət hələ tam şəkildə yerini almayıb”.
Şeyxülislam vurğulayıb ki, Azərbaycan tarixən tolerantlığı, başqa dinlərə ehtiramlı münasibəti, məzhəblər arası sabitliyi ilə seçilən bir ölkə kimi tanınır: “Bizdə iqtisadi inkişafla yanaşı, milli-mənəvi dəyərlərin təbliğinə, dini abidələrin bərpasına və ən əsası, etiqad azadlığının təminatına dövlətimizin diqqəti hər zaman yüksəkdir”.
O, bir daha qeyd edib ki, İslam sülhə və əməkdaşlığa çağıran bütün əməllərə tərəfdar dindir.