Afrika İttifaqının insan resursları, elm və texnologiya üzrə komissarı Jan Pier Ezinin rəhbərlik etdiyi nümayəndə heyəti Gənclər və İdman Nazirliyinin dəvəti ilə Bakıya səfərə gəlib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 5 günlük səfər çərçivəsində nümayəndə heyəti Xarici İşlər Nazirliyində, Dövlət Neft Fondunda, Gənclər və İdman Nazirliyində, Azərbaycan Diplomatiya Akademiyasında olacaq və müxtəlif gənclər təşkilatları ilə görüşəcəklər.
Afrika İttifaqı ilə gənclər sahəsində əməkdaşlıq, Azərbaycanın Afrika İttifaqının Gənclər nazirlərinin konfransında müşahidəçi statusda təmsil olunması, Afrika dövlətlərinin gənclərinə “təlimçilər üçün təlim” proqramının təşkili, gənc mütəxəssislər üçün təcrübə kurslarının keçirilməsi, gənclər təşkilatları arasında əməkdaşlıq, təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı gənc mütəxəssislər üçün Azərbaycan təcrübəsinin öyrənilməsi və s. istiqamətlərdə əməkdaşlıq kimi məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, qonaqlar fevralın 1-də gənclər və idman nazirinin müavini İntiqam Babayevlə görüşəcəklər.