Bakı-APA. “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən hadisələrdə ölən və xəsarət alan insanların ailələrinə dərin kədərimizi çatdırıram. Gərginliyin artması və ağır silahlardan istifadə edilməsi qəbuledilməzdir və biz tərəfləri atəşkəs rejiminə ciddi şəkildə sadiq qalmağa çağırırıq”.
APA-nın məlumatlna görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Vaşinqtonda keçirdiyi brifinqdə bildirib.
O xatırladıb ki, son zamanlar vəziyyətin gərginləşməsi Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ilə bağlı öhdəliklərinə uyğun deyil: “Cari ayın sonunda ATƏT-in Minsk qrupu həmsədrləri prezidentlər arasında növbəti görüşü təşkil edəcəklər. Biz tərəfləri zorakılıqdan yayınmaq və danışıqlar atmosferini yaxşılaşdırmaq üçün bütün addımları atmağa çağırırıq”.
Rusiya-Türkiyə arasında gərginliyin artmasının Ermənistan və Azərbaycan arasında gərginliyə səbəb ola biləcəyi sualını cavablandıran C.Kirbi deyib: “Biz mənbəyindən asılı olmayaraq gərginliyin özündən narahatıq. Aydındır ki, hər iki halda biz gərginliyin soyumasını arzulayırıq. Təbii ki, gərginlikdən narahatıq və xüsusilə də iki həftə bundan əvvəl təyyarənin vurulması ilə əlaqədar Türkiyə-Rusiya münasibətlərinə baxacaq, müşahidə aparacağıq”.