Türkiyə Respublikasının 11-ci prezidenti Abdulla Gül mayın 1-də Heydər Əliyev Mərkəzini ziyarət edib.
Mərkəzdən Lent.az-a verilən məlumata görə, qonaq əvvəlcə Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olub. O, Heydər Əliyevin həyat və fəaliyyətini, ölkə tarixində xidmətlərini, həyata keçirdiyi beynəlxalq miqyaslı layihələri özündə əks etdirən foto və videomateriallara, eksponatlara baxıb.
Abdulla Gül, həmçinin ölkənin tarixini və mədəni irsini əks etdirən “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan” sərgiləri, eləcə də Mərkəzin qeyri-adi gözəlliyə və akustikaya malik Auditorium zalında da olub. Abdulla Gül Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.