Qarabağa qayıdışın təkanı
15 aprel 2016 13:14 (UTC +04:00)

Qarabağa qayıdışın təkanı

 

Aprel ayı Azərbaycan tarixinə həm mətin, həm də çətin bir xatirə olaraq yazıldı. Bu ay nurüzlü şəhidlər verdik, bu ay gözüyaşlı anaların sayı artdı, lakin bu ay illərdir həsrətlə gözlədiyimiz torpaqlara - Qarabağa yolumuz açıldı ... Bu ay tariximizin ən şərəfli səhifələrindən biri başladı.

 

Aprel döyüşləri atəşkəsin elan olunmasından bu yana ən irimiqyaslı hərbi əməliyyat oldu. Vəziyyət o həddə çatdı ki, Qarabağda məskunlaşdırılan “üzlü qonaqlar” qaçmağa başladılar. Bu çətin günlərdə bir millət olaraq birliyimiz Milli ordumuzda daha da ruh yüksəkliyi yaratdı. Hər yerdə Azərbaycan bayrağı dalğalandı. Bütün regionalrdakı gənclərimiz, yaşlılarımız əllərində üçrəngli şanlı bayrağımız, himnimizin sədaları altında meydanlara axışdılar.  Qəlbi Vətən eşqi ilə çırpınan hər bir azərbaycanlı könüllü şəkildə cəbhəyə üz tutdu, hər ana döyüşə hazır olduqlarını bəyan etdi. Xaricdə yaşayan minlərlə gəncimiz ordu sıralarına qoşulmaq üçün müraciət etdi. Budur Vətən sevgisi! Budur Vətənə qayğı! Və budur düşmənə göz dağı! Cəsur Azərbaycan əsgərləri, zabitləri öz canları bahasına düşmənin layiqli cavabını verdi, yerində otuzdurdu. Onlar bayrağımızı uca tutan igidlərdir. Onlar Seysulan məntəqəsi, "Lələ-təpə" və Talış kəndindəki yüksəklikləri ölkəmizə qaytaran qəhrəman döyüşçülərdir.

 

Azərbaycan baş verən hadisələrdə öz prinsipial mövqeyini ortaya qoyaraq bir daha göstərdi ki, biz güclüyük.  Biz sadəcə olaraq öz torpaqlarımızda bizə qarşı yönələn yadelli təxribatına cavab vermişik.Yenə belə bir təxribat törədilərsə erməni tərəfi təkrarən çoxsaylı itkilərə hazır olmalıdır. Eyni zamanda Azərbaycan humanizm prinsiplərini də unutmur, humanist siyasət əsas qayəmiz sayılır. Prezident dəfələrlə çıxışında bəyan etmişdir ki: “Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik”.

 

Bu gün Azərbaycan və Ermənistan müqayisə edilməyəcək səviyyədədir. Azərbaycanın hər cür lazımı vəsaitlərlə təmin olunmuş, çox ciddi hərbi təlim keçmiş  ordusu vardır. Ermənistan “şanlı əsgərlər” simasında təqdim olunan muzdlu qoşunla çəkinmədən hərbi gücdən danışır, ordunun “qüdrətinə” dastanlar yazır. O şanlı əsgərlər ki, döyüşə getməkdən çəkinərək qaçır, Serj Sarkisyana özgə torpaqları üçün döyüşməyəcəkləri bəyanatı verirlər. Sarkisyan isə hər vəchlə işğal faktını danmaqda davam edir. Lakin tarix heç nəyi unutmur: 18 may 2001-ci ildə Ermənistanın o vaxtkı Müdafiə Naziri (indiki prezident) Serj Sarkisyanın Ermənistan parlamentindəki nitqi işğalçı siyasətin bariz isbatıdır: "İşğal elədiyimiz torpaqlar var. Bunda utanılacaq heç nə yoxdur. Təhlükəsizliyimiz üçün bu torpaqları işğal etdik. Biz bunu 1992 ili və öncəsində də deyirdik, indi də deyirik. Bəlkə üslubum diplomatik deyil, amma həqiqət budur”.

 

Aprel toqquşması sübut etdi ki, ordumuz istənilən vaxt hücuma hazır vəziyyətdə dayanıb. Bəzi qara qüvvələr zaman-zaman millətimizdə ruh düşkünlüyünün hökm sürməsi, savaşa hazır olmaması  və s. kimi şayiələrlə ictimai rəyə təzyiqlər edirdilər. Lakin Azərbaycan ordusu və onun arxasında dayanan xalq inamı göstərdi ki, millət olaraq Qarabağ üçün vuruşmağa hazırıq. Beynəlxalq təşkilatlar, hərbi ekspertlər, hətta bəzi erməni hərbçiləri belə bu döyüşlərdə Azərbaycanın üstünlüyünü etiraf etdilər. Bu hadisələr Ermənistana bir mesaj idi: işğal edilmiş torpaqlarımızda heç bir zaman möhkəmlənməyəcəksiniz və münaqişə dondurula bilməz! Qarabağsız Azərbaycan təsəvvüredilməzdir. Necə ki ürəksiz can mümkünsüzdür. Bu Azərbaycanımızın və tariximizin haqq səsidir!

 

Nailə Məmmədova

“Azerbaijan Realities” analitik qrupunun üzvü

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Oxşar yazılar