Avropa Şurası Parlament Assambleyasında aprelin 19-da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə yazılı qətnamə qəbul olunub. APA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, 44 deputat tərəfindən imzalanan sənəddə bildirilir:
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolla nizamlanmasına alternativin olmadığına əminliyini ifadə edən AŞPA, münaqişənin davamlı və ədalətli həllinin tapılması üçün beynəlxalq səviyyədə razılaşdırılmış yeganə danışıq formatı olan Minsk Qrupunun həmsədrlərinin səylərinə daim dəstək verdiyini təsdiqləyir. Buna görə də biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin etdiyi daimi çağırışlara hörmətlə yanaşmağa, onların mandatlarını pozmamağa və danışıqlar prosesini mürəkkəbləşdirməməyə çağırırıq.
Biz bütün tərəfləri həmsədr ölkələr olan Fransa, ABŞ və Rusiyanın 2009-cu ildən bəri prezidentlər səviyyəsində edilən beş bəyanatda öz əksini tapmış təkliflər əsasında sülh danışıqları yolu ilə nizamlanmaya nail olmaq üçün qəti addımlar atmağa və lazımi siyasi iradə göstərməyə çağırırıq. Biz münaqişə zonasında gərginliyin artması ilə bağlı narahatçılığımızı bildiririk. Top və raket qurğuları kimi ağır silahlardan istifadə edilməsi qəbuledilməzdir və bu mülki əhali üçün ciddi təhlükə yaradır. Biz mülki şəxslər də daxil olmaqla insan ölümünə görə dərindən təəssüflənirik.
Atəşkəs rejiminin pozulması hallarının tədqiq edilməsinə dair mexanizmlərin yaradılması və ATƏT-in Minsk Qrupu həmsədrlərinin digər təklifləri gərginliyin azalmasına və sülh danışıqlarının aparılması üçün daha əlverişli şəraitin yaranmasına kömək edəcək".