"Azərbaycan həqiqətləri" adlı filmlər toplusu təqdim olundu
12 fevral 2013 17:08 (UTC +04:00)

"Azərbaycan həqiqətləri" adlı filmlər toplusu təqdim olundu

"Azərbaycan həqiqətləri" filmlər toplusu təqdim olunub. Lent.az-ın məlumatına görə, mərasimdə çıxış edən millət vəkili Qənirə Paşayeva toplu haqqında məlumat verərək deyib ki, burada 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının Azərbaycanda dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar  - “Soyqırımı:Bakı”, “Soyqırımı:Quba”, “Soyqırımı:Şamaxı” adlı 3 film şəklində 3 diskdə öz əksini tapır: “Həmçinin, topluda Ermənistanın 20-ci əsrin sonlarında dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımılar “Xocalı soyqırımı”, “Qaradağlı soyqırımı”, “Ağdaban faciəsi” adlı 3 film şəklində öz əksini tapır. Bundan başqa, topluda Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Şuşa və Ağdam şəhərlərində həyata keçirdikləri vandalizm aktlarını özündə əks etdirən “Dağıdılmış mədəniyyət beşiyi - Şuşa” və “Ağdam; Qafqazın Xirosiması” filmləri də yer alıb”.

 

Qənirə Paşayeva bildirib ki, Azərbaycan dilində olan filmlərin toplusu Azərbaycanın xaricdəki diaspor təşkilatlarına, Gürcüstanda, Cənubi Azərbaycanda (İran), Dağıstanda (Rusiya) yaşayan soydaşlarımızı birləşdirən təşkilatlara, universitetlərə, hərbi hissələrə, gənclər təşkilatlarına veriləcək. İngilis dilində olan filmlərdən ibarət “Azərbaycan həqiqətləri” adlı filmlər toplusunun (1000 nüsxə) beynəlxalq təşkilatlara, xarici universitet, kitabxana, KİV, QHT-lərə, beynəlxalq qeyri-hökumət təşkilatlarına, xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycandakı səfirlik və nümayəndəliklərinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, diaspor təşkilatlarına, beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətlərimizə təqdim edilək.

 

Millət vəkili deyib ki, bu işdə Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu da onlara dəstək olub.

 

Toplunun təbliği ilə bağlı Türkiyədə də görüşlər olacaq. Türkiyənin 10-a yaxın şəhərində və 14-ə yaxın universitetində fevralın 15-dən martın 5-dək təqdimat mərasimi baş tutacaq.

 

Xarici İşlər nazirinin mətbuat katibi Elman Abdullayev bildirib ki, Qarabağ hadisələri dünya ictimaiyyətinə çox sürətlə çatdırılır: “Belə bir zamanda bu toplunun təqdim olunması bizi sevindirir. Nazirliyimiz də hər zaman bu cür layihələrə dəstək olacaq. Bu toplunun ingilis dilində də çap olunması çox gözəl imkandır. Belə ki, bu gün ingilisdilli xalqların çoxluğu və bu dilin dünya ictimaiyyəti arasında çox aktiv olduğu hamıya məlumdur. İnanıram ki, bu toplu nəticəsində ermənilərin xalqımıza qarşı törətdiyi qətliamlardan hər kəs, bütün dünya xəbərdar olacaq”.

 

Qeyd edək ki, topluda digər qurumlar tərəfindən hazırlanmış 3 film də öz əksini tapıb. Layihənin rəhbəri millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva və Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının rəhbəri Elxan Süleymanovdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774
avatar

Oxşar yazılar