«Suriyalı qaçqın ermənilərin torpaqlarımızda yerləşdirilməsi qəbuledilməzdir»
20 mart 2013 02:19 (UTC +04:00)

«Suriyalı qaçqın ermənilərin torpaqlarımızda yerləşdirilməsi qəbuledilməzdir»

Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına erməni mənşəli suriyalı qaçqınların köçürülməsinin qəbuledilməzliyi BMT-nin Cenevrə şəhərindəki Bölməsi və digər beynəlxalq təşkilatlar yanında ölkəmizin daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında qaldırılıb.

 

Lent.az-ın məlumatına görə,2013-cü ilin martında səfir Murad Nəcəfbəyli məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasının prezidentinə məktub ünvanlayıb.

 

Məktubda Suriyada davam etməkdə olan böhran ilə əlaqədar həmin ölkədən çıxan erməni mənşəli qaçqınların Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında məskunlaşdırılmasına dair mətbuat və qeyri-hökumət təşkilatları tərəfindən yayılmış məlumatlara istinad olunub, beynəlxalq hüquq, xüsusilə IV Cenevrə Konvensiyası ilə ziddiyyət təşkil edən belə addımların arxasında Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün qəbuledilməz nəticələrinin möhkəmləndirilməsinə xidmət etməsi kimi siyasi məqsədlərin dayandığı bildirilib.

 

Məktubda, eyni zamanda, ATƏT tərəfindən ölkəmizin işğal olunmuş ərazilərində həyata keçirilmiş fakt-araşdırıcı missiyaların müxtəlif ölkələrdən ermənilərin həmin ərazilərdə yerləşdirilməsini təsdiqlədiklərinə və ATƏT-in həmsədrlərinin bu halı pislədiklərinə baxmayaraq, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq bu siyasəti hələ də davam etdirməsi faktı qeyd edilib.

 

Müraciətdə həmçinin BMT-yə üzv dövlətlər, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Qaçqınlar üzrə Ali Komissarlıq və İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcıları işğal edilmiş Azərbaycan ərazilərində davam etməkdə olan qeyri-qanuni məskunlaşmaya yaxından diqqət yetirməyə və müvafiq qətiyyətli tədbirlərin həyata keçirilməsinə çağrılıb.

 

Daimi Nümayəndəmizin məktubu BMT-nin İnsan Hüquqları Şurasının 22-ci sessiyasının rəsmi sənədi (A/HRC/22/G/12) qismində yayılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735
avatar

Oxşar yazılar