Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan Cənub-şərq Avropada və Qafqazda təhlükəsizlik və stabillilik mövzusunda plenar iclasda çıxış edib.
APA-nın məlumatına görə, nazir çıxışında Azərbaycanın gələcəyinə baxışı, ölkənin enerji potensialı, bu sahədə həyata keçirilən layihələrdən danışıb və xatırladıb ki, bu ilin fevralında Azərbaycan fəzaya özünün ilk kommunikasiya peykini buraxacaq.
Nazir, daha sonra Dağlıq Qarabağ problemi barədə məlumat verib. Bu problem barədə danışarkən Elmar Məmmədyarov deyib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar 4 qətnaməni qəbul edib, o vaxtlar ATƏT-in Minsk qrupunun sədri Mario Rafaelli erməni qoşunların Azərbaycanın torpaqlarından geri çəkilməsi ilə bağlı sənəd hazırlayıb: “O zaman biz bu işin asan olacağına inanırdıq, lakin BMT Təhlükəsizlik Şurasl, BMT Baş Assambleyasının qətnamələrə baxmayaraq işğal hələ də davam edir, ərazi bütövlüyü bərpa olunmayıb. Amma, gec-tez bütün münaqişələrin sonu gəlir və təbii ki, vaxt gələcək Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Əgər bu yaxın zamanlarda baş versə, bu region üçün çox yaxşı olacaq. Ermənistan başa düşməlidir ki, 21-ci əsrdə etnik təmizlənmə siyasəti yürüdüb, başqa ölkənin torpaqlarını işğal altında saxlamaq mümkünsüzdür. Orada yaşayan əhalini öz torpaqlardan qovub, sonra isə öz müqəddəratları barədə danışmaq, vəziyyətdən çıxış yolu deyil”.