“Suriyadan olan ermənilərin işğal olunmuş ərazilərimizdə məskunlaşdırılması bizi ciddi narahat edir”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov verib. O qeyd edib ki, Azərbaycan Suriyadan olan erməni ailələrinin məskunlaşdırılmasına qarşı deyil, Azərbaycanı narahat edən erməni ailələrinin işğal olunmuş ərazilərdə məskunlaşdırılmasıdır: “İnsanların Suriyanı tərk etməsi normaldır, insan həyatını itirmək istəmir. Onların Ermənistanda məskunlaşdırılmasına qarşı da heç bir iddiamız yoxdur. Lakin nədənsə sonradan onları Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məskunlaşdırırlar. Bildiyimiz kimi, Ermənistan əhalisinin 50 faizi ölkəni tərk edib, bu səbəbdən ölkədə çoxlu boş yerlər var. Demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədilə bu yerlərdən Suriyadan gəlmiş erməniləri məskunlaşdırmaq üçün istifadə etmək olar. Bununla da suriyalı ermənilər Ermənistanın özündə yaşamaq imkanı əldə etmiş olarlar. Bu nöqteyi-nəzərdən çıxış edərək, Ermənistanın tamamilə başqa məqsəd güddüyünü iddia edirəm”.
Xarici işlər nazirinin müavini bildirib ki, digər tərəfdən Suriyadan gələn qaçqınlar arasında terrorçular da ola bilər: “Onlardan qaçqın görkəmində diversiyaların həyata keçirilməsi üçün istifadə edilə bilər”.
Araz Əzimov 1993-cü ildə təlim keçmiş, terrorçu vərdişlərinə yiyələnmiş 300 nəfərdən ibarət erməninin Dağlıq Qarabağa göndərildiyi və terrorçuların orada azərbaycanlı əhaliyə qarşı döyüşdüyü faktını xatırladıb: “Bu kimi faktları nəzərə alaraq biz ciddi narahatlıq keçiririk və bu məsələ diqqət mərkəzində olmalıdır. Bu, təkcə məskunlaşma məsələsi deyil. Hətta məskunlaşma məsələsi olsa belə, bizi ciddi şəkildə narahat edir”.