Rusiya Federasiya Şurasının konstitusiya qanunvericiliyi üzrə Komitə sədrinin birinci müavini Aleksey Aleksandrov Rusiya nümayəndə heyətinin tam heyətlə AŞPA-nın Azərbaycana qarşı yönəlmiş qətnaməsinin əleyhinə səs verməsinin səbəbini açıqlayıb.
Federasiya Şurasının konstitusiya qanunvericiliyi, hüquqi və məhkəmə məsələləri və vətəndaş cəmiyyətinin inkişafı üzrə Komitə sədrinin birinci müavini, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aleksey Aleksandrov Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbusların vəziyyətinə dair hesabatı üzrə AŞPA qətnaməsinin əleyhinə çıxış edib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, senator diskussiyanın maraqlı və ciddi keçdiyini bildirib. Bununla belə, onun fikrinə görə, məruzəçi parlament araşdırmasını qaydalara riayət etmədən aparıb. “O Azərbaycanda olmayıb, sübutların mənbələrini yerində təhlil etməyib və dərc olunmuş siyasi məhbuslar siyahılarının xeyrinə kifayət qədər sübutlar təqdim etməyib. Hüquqi məsələləri qeyri hüquqi üsullarla həll etmək yolverilməzdir”, deyə Aleksey Aleksandrov qeyd edib.
Senator həmçinin beynəlxalq hüquqda “siyasi məhbus” anlayışının olmadığını qeyd edib. “Buna görə də, bu terminin sənəddə istifadə olunması birtərəfli və siyasiləşdirilmiş izahlara imkan yaradır”, deyə Aleksandrov vurğulayıb.
Aleksey Aleksandrov bildirib ki, bütün parlamentarilər hüquq-mühafizə orqanların qanuniliyə əməl etmələrində maraqlıdırlar, lakin bunun təqdim olunmuş və hüquqi cəhətdən təsdiqini tapmamış siyahılara heç bir aidiyyəti yoxdur: “Bu subyektiv, zövqə aid olunan məsələlərdir və onları demokratik dövlətlərdə hüquq orqanlarının qərarlarına qarşı istifadə etmək olmaz. Ona görə də AŞPA üzvlərinin əksəriyyəti də bu hesabatı dəstəkləmədi və nəticədə o qəbul olunmadı. Rusiya nümayəndə heyəti yekdil şəkildə sənədin əleyhinə səs verib”.