Komitə sədri Lent.az-a danışdı: “Ermənilərə rəğbət var” - MÜSAHİBƏ
29 dekabr 2013 16:11 (UTC +04:00)

Komitə sədri Lent.az-a danışdı: “Ermənilərə rəğbət var” - MÜSAHİBƏ

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Lent.az-a  müsahibəsi

 

- Nazim müəllim, bu gün xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının hamısının fəaliyyəti Komitə olaraq Sizi qane edirmi?

 

- Hazırda dünyada 446 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir və bu təşkilatların fəaliyyətinin qiymətləndirilməsi Komitə daxilində aparılır. Qiymətləndirilmə proseduru təşkilatların illik, aylıq fəaliyyətinə dair tərtib olunmuş hesabatlar, arayışlar əsasında həyata keçirilir. Lakin biz bu qiymətləndirmənin ictimailəşdirilməsinin tərəfdarı deyilik. Bu təşkilatların hər biri potensialları çərçivəsində, fəaliyyət göstərdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq Azərbaycanın milli maraqlarını, mənafeyini müdafiə edir, zəngin mədəni irsini təbliğ edir. Biz diaspor təşkilatlarının birinin fəaliyyətinə yüksək, digərinə daha aşağı qiymət versək, elə təəssürat yarana bilər ki, təşkilatlara münasibətdə ayrı-seçkiliyə yol veririk.

 

- Son aylar ərzində bir sıra MDB ölkələrində soydaşlarımızın təzyiqə məruz qalma halları baş verdi. Belə halların təkrarlanmaması üçün Diasporla İş üzrə Dövlət Komitəsi  hansı addımlar atır?

 

- Azərbaycanlılara qarşı təzyiq və təqiblərin artması halları ilə bağlı soydaşlarımızın hüquqlarının qorunması və maarifləndirilməsi istiqamətində tərəfimizdən müəyyən addımlar atılıb. Əməkdaşlarımız problemin mahiyyətini aydınlaşdırmaq və soydaşlarımıza müvafiq yardım göstərmək məqsədilə mütəmadi olaraq belə situasiyaları yarandığı ölkələrə ezam olunur. Meydana çıxan problemlərin həlli üçün konkret bir neçə istiqamətdə tədbirlərin həyata keçirilməsi vacibdir.  İlk növbədə səbəblər araşdırılmalıdır. Çünki xarici ölkəyə səfər etməmişdən öncə hər bir vətəndaş həmin ölkənin mövcud qanunvericiliyi ilə yaxından tanış olmalı və yerli qanunvericiliyə uyğun olaraq sənədlərini qaydaya salmalıdır. Bu baxımdan, Dövlət Komitəsi Rusiyada yaşayan azərbaycanlı miqrantların hüquqi maarifləndirilməsi işinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir. Hal-hazırda Ümumrusiya Azərbaycanlıları Konqresinin mərkəzi ofisində həmvətənlərimizə hüquqi kömək göstərilməsi məqsədi ilə təcrübəli hüquqşünaslardan ibarət operativ qərargah fəaliyyət göstərir. Bundan başqa Rusiyanın müxtəlif subyektlərində fəaliyyət göstərən  Azərbaycan diaspor təşkilatlarının bu sahədə fəaliyyətinin gücləndirilməsi olduqca vacibdir. Qeyd edim ki, bu sahədə çox ciddi fəallıq müşahidə olunur. Vacib məsələlərdən biri isə  Rusiyanın müvafiq dövlət strukturları ilə əlaqələrin genişləndirilməsinə nail olmaqdır. Yəni biz işimizi bu üç istiqamətdə aparmağa çalışırıq. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri də istənilən problemi birgə müzakirə etməyi və həllinə nail olmağa imkan yaradır.

 

 

- Türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələr hansı səviyyədədir?

 

- Türkdilli ölkələrlə dostluq və qardaşlıq münasibətlərinin qurulması və inkişafı hər zaman Azərbaycan əhəmiyyətli məsələlərdən biri olub.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də hər zaman türk xalqları arasında birliyin möhkəmləndirilməsinə xüsusi önəm verib. Məhz cənab Prezidentin təşəbbüsü ilə  müxtəlif tarixlərdə Bakı şəhərində keçirilən tədbirlər  xalqlarımız əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə müsbət töhfə olub. Elə bu ilin əvvəlində Bakıda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv Dövlətlərin Diaspor Məsələlərinə Cavabdeh Dövlət Qurumlarının Rəhbərlərinin I Toplantısı  türk birliyi ideyasının  yayılması  və diasporlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyırdı. Daha sonra iyunun 21-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumu oldu.  Forumda   dünyanın 44 ölkəsindən 446 nümayəndə iştirak etmişdi. Forum iştirakçılarının 160 nəfəri Azərbaycan, 149 nəfəri Türk, 66 nəfəri Qazax, 42 nəfəri isə Qırğız diasporunun təmsilçiləri olub. Tədbirdə təşkilata üzv olan dörd ölkənin prezidentlərinin iştirakçılara təbrik məktubları səsləndi. Forumun yekununda Bakı Bəyannaməsi və Azərbaycan prezidenti İlham Əliyevə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan prezidenti Almazbek Atambayevə və Türkiyə prezidenti Abdulla Gülə müraciət qəbul olundu.

Bu tədbirlər zamanı aparılmış müzakirələr və qəbul olunmuş qərarlar gələcəkdə türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlığını konkret istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Xüsusilə də diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya olunması, türkdilli xalqları narahat edən məsələlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün əməkdaşlıq mexanizmlərin yaradılması baxımından əhəmiyyətlidir.

 

- Erməni diaspor təşkilatları Ermənistana sərmayələr yatırsalar da, xaricdəki soydaşlarımızın bu cür addımlar atmasına o qədər də rast gəlinmir. DİDK xaricdəki imkanlı soydaşlarımızın ölkəmizə investisiyalar yatırılması ilə bağlı hansı addımlar atıb?

 

 

- Xaricdə yaşayan azərbaycanlı iş adamlarının Azərbaycanda müxtəlif sahələrə investisiya qoyma təcrübəsi var. Buna bir çox nümunə də göstərmək olar. Biz hər zaman müxtəlif toplantılarda, görüşlərdə azərbaycanlı iş adamlarına bununla bağlı tövsiyələr veririk. 2011-ci ildə Bakıda keçirilmiş Dünya azərbaycanlılarının III qurultayında Azərbaycanın müxtəlif sahələrə cavabdeh olan dövlət orqanları rəhbərlərinin diaspor nümayəndələri ilə görüşləri də təşkil olundu. İqtisadi inkişaf naziri, mədəniyyət və turizm naziri diaspor nümayəndələri qarşısında çıxış etdilər, onların suallarını cavablandırdılar. Çox səmərəli müzakirələr keçdi. Demək istədiyim odur ki, Azərbaycan dövləti bu cür təşəbbüslərə açıqdır və bununla bağlı təklifləri, ideyaları da hər zaman dəstəkləyir. Yeri gəlmişkən qeyd edim ki, gələcəkdə Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun keçirilməsi də planlaşdırılır.

 

- Rusiya kimi böyük dövlətdə diasporumuzu təbliğ edəcək mətbu nəşrlər barmaqla sayılacaq qədərdir. Bu sahəyə diqqət ayırmağın vacibliyini düşünürsünüzmü?

 

- Təbii ki, qloballaşan dünyada effektiv təbliğat vasitəsi kimi mətbu nəşrlərin, KİV-in rolu danılmazdır. Lakin Rusiyada Azərbaycanı təbliğ edən mətbu orqanların az olması fikri ilə razı deyiləm.  Hazırda Rusiya Ümumrusiya Azərbaycanlıları Konqresinin “Azerbaydjanskiy Konqress” qəzeti,  “İRS” beynəlxalq jurnalı, “Baku” jurnalı,  “AMOR” jurnalı, “Yurd” jurnalı “Millətin səsi” qəzeti nəşr olunur. www.amor.az saytı Azərbaycan diasporunun virtual aləmdə lider hesab edilən internet resurslarından biridir.

Bundan başqa “Azerbaydjanskiy konqress” qəzetinin fəaliyyətini vurğulamaq istərdim. 2003-ci ildən nəşr olunan həftəlik ictimai-siyasi qəzet Ümumrusiya Azərbaycan Konqresinin mətbu orqanıdır. Qəzetdə Azərbaycan haqqında informasiyalar, müəllif yazıları, tədqiqatlar geniş yer tutur.

Lakin bizim üçün prioritet məsələlərdən biri Rusiyanın yerli KİV-ləri ilə əlaqələrin genişləndirilməsi olmalıdır. Rusiyada Azərbaycanla bağlı həqiqətləri deyən, yazan jurnalistlərin sayı artmalıdır və bunun üçün onlara Azərbaycanı daha yaxşı tanıtmaq lazımdır. Diaspor təşkilatlarımız da, diplomatik nümayəndəliklərimiz də bu məsələni diqqətdə saxlayırar. Ancaq nəzərə almaq lazımdır ki, Rusiyanın əksər kütləvi informasiya vasitələrində ermənilərə açıq və ya gizli bir rəğbət var. Bunun isə obyektiv və subyektiv səbəbləri var. Ona görə də biz bu sahədə daha çox işləməliyik.

 

- 2014-cü illə bağlı planlarınızı bilmək istərdik.

 

- Planlarımız çoxdur. Bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş Dünya Azərbaycanlılarının Onlayn Forumu layihəsini genişləndirmək istəyirik. Bu sistem vasitəsilə biz dünyanın müxtəlif ölkələrində diaspor nümayəndələri ilə onlayn müzakirələr təşkil edə bilirik. Bu həm dövlət büdcəsinə qənaət etməyə imkan verir, həm də istənilən məsələ ilə bağlı operativ müzakirələr təşkil etməyə.   2014-cü ildə Bakıda Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birlikdə II Cənubi Qafqaz Forumunun keçirilməsi də planlaşdırılır.

Xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dilini tədris edən distant təhsil mərkəzinin fəaliyyətini daha da genişləndirmək niyyətindəyik. Diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması və Rusiyada yaşayan soydaşlarımızın yaranmış problemlərinin həlli ilə bağlı planlarımız var. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Dünya Azərbaycanlı Alimlərinin forumunun keçirilməsi ilə bağlı məsləhətləşmələr aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2096

Oxşar yazılar