“Bizim enerji diplomatiyamız çox uğurludur və indiki zəmanədə, xüsusilə, dünyada və Avropada enerji resursları ilə bağlı gedən proseslərə nəzər salaraq bir daha bunu görürük ki, enerji siyasətini ümumi diplomatik və siyasi kontekstdən ayırmaq mümkün deyil. Burada da Azərbaycan söz sahibidir və Azərbaycanın mövqeyi həlledicidir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev martın 19-da Novruz bayramı ilə bağlı Bakıda keçirilmiş şənlikdə öz çıxışında vurğulayıb.
“Enerji siyasətində Azərbaycan söz sahibidir və Azərbaycanın mövqeyi həlledicidir. Nəyə görə? Çünki yenə də qayıdıram 1990-cı illərin ortalarına. O vaxt Heydər Əliyevin qətiyyəti, cəsarəti sayəsində ölkəmizin gələcəyi üçün əvəzolunmaz işlər görülmüşdür. Bütün təzyiqlərə, təhdidlərə, hədə-qorxulara baxmayaraq, Heydər Əliyevin qətiyyəti və cəsarəti sayəsində “Əsrin kontraktı” imzalandı və o gündən bu günə qədər Azərbaycanın neft strategiyası və ondan sonra enerji diplomatiyası ölkəmizin, xalqımızın milli maraqlarına tam şəkildə xidmət edir”, deyə dövlət başçısı qeyd edib.
Prezidenti İlham Əliyev vurğulayıb ki, əgər o illərdə Azərbaycanın enerji təşəbbüsləri, demək olar ki, regional kontekstdən çıxmırdısa, artıq Azərbaycanın mövqeyi, addımları, təşəbbüsləri qitə miqyasında enerji xəritəsinə böyük dəyişikliklər etmiş olur: “Bu gün Xəzər hövzəsinin enerji resurslarının nəql edilməsi ilə əlaqədar Azərbaycan həlledici sözə sahibdir. Bizim mövqeyimiz həmişə olduğu kimi, ədalətli olub və milli maraqlarımıza tam şəkildə cavab verib. Azərbaycan tərəfindən irəli sürülmüş enerji təşəbbüsləri əlbəttə ki, ölkəmizin bundan sonrakı uzunmüddətli inkişaf dinamikasını təmin edəcək, eyni zamanda, Azərbaycan tərəfdaş ölkələr üçün əvəzolunmaz partnyora çevriləcək. Əminəm ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də bizim bütün təşəbbüslərimiz həyata keçiriləcək və ölkəmizin uzunmüddətli strategiyası uğurla inkişaf edəcək”.
Ölkə başçısı qeyd edib ki, bununla bərabər, daxili siyasət enerji amilindən asılılığı azalmağı tələb edir: “Çünki enerji resursları tükənən resurslardır. Biz gələcəyə baxmalıyıq. Baxmayaraq ki, Azərbaycanın qaz və neft ehtiyatları onilliklər bundan sonra da xalqımıza xidmət edəcək, indidən qeyri-neft iqtisadiyyatının möhkəm bünövrəsi qoyulmalıdır və qoyulubdur. Keçən ilin statistik göstəriciləri bunun əyani sübutudur. Keçən il qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artıbdır və iqtisadiyyatın şaxələndirilməsi məsələləri uğurla həll edilir”.