“Chatham House” İnstitutu Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın orada planlaşdırılan çıxışı ilə bağlı etiraz məktubuna cavab verib. Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nun rəhbərliyi tərəfindən səfirliyə göndərilmiş cavab məktubunda belə bir görüşün təşkilinin heç bir halda qondarma "Dağlıq Qarabağ”ın mövqeyinin təsdiqi və ya tanınması mənası daşımadığı vurğulanır. Qurum B. Saakyanın səfəri ilə əlaqədar Azərbaycanın narahatlığını başa düşdüyünü qeyd edərək, Azərbaycanın suverenliyi və müstəqilliyinə hörmətlə yanaşdığını bəyan edib.
Məktubda bu görüşün KİV-in iştirakı ilə ictimai tədbir xarakteri daşımadığı, yalnız institutun məhdud saylı ekspertinin iştirakı ilə “Chatham House qaydaları” əsasında təşkil ediləcəyi və heç bir halda separatizm məramlarının təşviqinə xidmət etmədiyi diqqətə çatdırılır. Habelə, bu tədbirin məhdud çərçivədə keçiriləcəyi nəzərə alınaraq onun barəsində "Chatham House"un internet saytında verilmiş elanın da çıxarıldığı deyilir.
Qeyd edək ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin başçısı Bako Saakyanın çıxışı 8 iyul 2015-ci il tarixində nəzərdə tutulub.