Konqresmen Dana Rohrabaker Vaşinqtonda Azərbaycan Respublikasının qurulmasının 95-ci ildönümü münasibəti ilə rəsmi qəbulda iştirak edib.
Lent.az-ın “Amerikanın səsi”nə istiadən məlumatına görə, o, bildirib ki, İranda etnik azərbaycanlılar öz müqəddəratını müəyyən etmək hüququna malikdir.
Konqresmen müsəlman şərqində ilk Demokratik Respublikanın 95 il öncə Azərbaycanda qurulduğuna işarə edərək deyib: “Bu, çox önəmli bir gündür. Ona görə ki, əvvəllər sədlər bu və ya digər şəkildə çəkildiyi üçün Azərbaycan soyuq müharibə dövründə süni surətdə Amerikanın düşməni hesab edilirdi. Lakin soyuq müharibə artıq 20 ildən çoxdur başa çatıb və Azərbaycan xalqı ABŞ-ın yaxşı dostudur. Azərbaycanla əlaqələrimiz var, eyni zamanda İranda yaşayan azərbaycanlılar var. Güney Azərbaycan var.
Burada da Birləşmiş Ştatlara nifrət edən rejim azərbaycanlıları yenə də bizimlə təbii dostluq münasibətləri əleyhinə bir mövqedə saxlayır. Bu gün biz Azərbaycan və ABŞ xalqları arasında təbii dostluğu təntənə edirik. İranda molla rejiminin istibdadçı siyasətini tətbiq etdiyi bir şəraitdə yaşayan bütün xalqlar üçün indi ağır bir vaxtdır. Çünki molla rejimi Qərb, xüsusilə də Birləşmiş Ştatlara müharibə elan edir. Biz əmin olmalıyıq ki, Güney Azərbaycanda insanlar molla rejiminin mahiyyətinin nədən ibarət olduğunu, onların fars olmadığını və orada bizə təbii surətdə dost olan adamların olduğunu bildiyimizi başa düşür.
Biz bu gün həm Quzey, həm Güney Azərbaycana bu mesajı göndərmək istəyirik ki, Birləşmiş Ştatlar sizin təbii müttəfiqinizdir və biz dünyanın bu hissəsində demokratiya və öz müqəddəratını təyinetməni gətirmək üçün birlikdə işləməliyik”.
Konqresmen ABŞ və Azərbaycan Respublikası arasında qarşılıqlı etibar əsasında münasibətlərin qurulduğunu, hər iki ölkənin dostluq əlaqələrindən bəhrələndiyini deyib.