Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov deyib ki, prezident İlham Əliyevin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib. O bildirib ki, seçkilər ədalət və azad keçiriləcək, bu, sivil dünyaya nümayiş etdiriləcək.
Sonra iclasda 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planının təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Təqvim Planı barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Plana əsasən seçkilərin təyin edilməsi haqqında prezidentinin sərəncamı rəsmi dərc olunduqdan sonra passiv seçki hüququna malik vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları deputatlığa namizədlərin irəli sürülməsi hüququna malikdirlər. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi aprelin 29-dan mayın 19-u saat 18.00-dək başa çatmalıdır. Qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına mayın 26-da başlanacaq, 17 iyun saat 08.00-da dayandırılacaq.
MSK tərəfindən “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi mayın 29-dək davam edəcək və MSK iyunun 8-dək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul edəcək. Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının və dairə seçki komissiyasının yekun protokollarındakı məlumatların MSK-nın internet saytında ilkin məlumat kimi yerləşdirilməsi protokol tərtib edildikdən sonra gecikdirilmədən həyata keçiriləcək. Seçkilərin ilkin nəticələrinin MSK tərəfindən seçki dairəsi üzrə ümumiləşdirilmiş cədvəl şəklində dərc edilməsi və həmin məlumatların MSK-nın internet səhifəsində yerləşdirilməsi seçki dairəsi üzrə səsvermənin nəticələrinə dair protokollar MSK-ya təqdim edildikdən dərhal sonra təmin ediləcək. MSK iyulun 8-dək Mili Məclis təkrar seçkilərin nəticələrini yoxlayacaq və yekun vuracaq.
Protokollar yoxlanıldıqdan sonra 24 saat müddətində MSK seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün protokolları Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi isə müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə təkrar seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsini təmin etməlidir. Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra MSK deputat seçilmiş şəxsə deputat vəsiqəsi verəcək.
Təqvim Planı səsverməyə çıxarılaraq təsdiq edilib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin olunub.