“Yanğının ilk günündən Azərbaycandan verilən dəstəyə mən və ətrafımda heç kimsə təəccüblənmədi. Ağır günümüzdə təbii ki, qardaşımız yanımızda olmalı idi”.
Bunu APA-nın yerli bürosuna Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Ankara millət vəkili Yıldırım Toğrul Türkeş bildirib. Millət vəkili Azərbaycanın bu addımının Türkiyədə məmnunluqla qarşılandığını bildirib və təşəkkür edib: “Digər ölkələr yanğına dəstək üçün tərəddüd etdiyi halda Azərbaycan Prezidenti cənab İlham Əliyev ilk gündən təlimat verdi. Azərbaycanlı qardaşlarımız gəldi və özlərini alova sipər etdilər. Bu, qardaşlığımızı gücləndirən bir davranışdır. Efirdən azərbaycanlı bir oğlumuzun Türkiyə bayrağını yanğından qorumasını gördüm və qürur duydum. Belə bir davranışa səni ancaq içində yaşatdığın sevgi sövq edə bilər. Başda cənab İlham Əliyev olmaqla Azərbaycan xalqına təşəkkürümü bildirirəm”.