Turizm Agentliyinin işdən çıxarılan şöbə müdiri ilə bağlı  İLGİNC FAKTLAR
06 mart 2025 19:38 (UTC +04:00)

Turizm Agentliyinin işdən çıxarılan şöbə müdiri ilə bağlı İLGİNC FAKTLAR

Dövlət Turizm Agentliyində işdən çıxarılmalar davam edir.

Lent.az-ın məlumatına görə, bu gün Agentliyin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov da işdən çıxarılıb.

Məhəmməd Muradov harda işləyib? 

Dövlət Turizm Agentliyinin rəhbərliyində təmsil olunan əksər şəxslər kimi, Məhəmməd Muradov da agentliyin direktoru Fuad Nağıyevin qaynanası, dünən ləğv edilmiş "Şəffaflıq Azərbaycan" ( bu təşkilat Transparency İnternational” təşkilatının yerli nümayəndəliyi qismində çıxış edib) təşkilatının təsisçisi Rəna Səfərəliyevanın kadrı olub.

Rəna Səfərəliyevanın təqdimatı ilə agentliyin şöbə müdiri təyin olunmuş Məhəmməd Muradov bundan əvvəl " Şəffaflıq Azərbaycan" təşkilatının Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi" layihəsinin koordinatoru olub. 

Yerli mediada 2014-cü ildə yayılan məlumatlarda Məhəmməd Muradovun açıqladığı hesabatlarda Azərbaycanda müxtəlif səviyyəli korrupsiya göstəriciləri və çatışmazlıqlarla bağlı " araşdırma və sorğular"ın nəticələri yer alıb.

Rəna Səfərəliyevanın agentlikdəki daha bir kadrı

Dünən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov da işdən çıxarılıb. Kənan Qasımov da əvvəllər " Şəffaflıq Azərbaycan" təşkilatının Media və İctimai Əlaqələr üzrə mütəxəssisi olub. Saytlar onun " vətəndaş cəmiyyətinin nümayəndəsi" kimi "Azərbaycandakı korrupsiya"dan şikayətləndiyi müsahibələrlə zəngindir. 

Hazırda isə hüquq-mühafizə orqanları Kənan Qasımovun rəhbərliyində təmsil olunduğu agentlikdə xidməti sənədlərin sızdırılması ilə yanaşı korrupsiya faktlarını da araşdırır. 

Turizm Agentliyində nə baş verib? 

Dövlət Turizm Agentliyində xidməti məlumatların müxtəlif təşkilatlara, şəxslərə sızdırılması faktları məlum olub.Hətta dövlət orqanları arasında daxili yazışmalar belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürülüb.

Araşdırmalar zamanı məlum olub ki, Agentlikdə əksər vəzifələrə təyinatlarda direktorun qaynanası Rəna Səfərəliyeva rol oynayıb. O, vaxtilə " Şəffaflıq Azərbaycan" təşkilatında " yetişdirdiyi" şəxsləri Dövlət Turizm Agentliyində müxtəlif vəzifələrə yerləşdirə bilib.

Agentliyin direktoru Fuad Nağıyevə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şiddətli töhmət verilib. 

Məlumata görə, xidməti sənədlərin sızdırılması və korrupsiya faktları ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830

Oxşar yazılar