Siyavuş Novruzov: “Çöpləri əllərində qalıb…”
01 fevral 2013 14:02 (UTC +04:00)

Siyavuş Novruzov: “Çöpləri əllərində qalıb…”

Milli Məclisdə yaz sessiyasının qanunvericilik işlər planının müzakirəsi davam edir. Lent.az-ın verdiyi məlumata görə, YAP icraçı katibinin müavini Siyavuş Novruzov seçki komissiyaları ilə bağlı məsələnin qaldırılmasını düzgün saymayıb. Siyavuş Novruzov deyib ki, kiməsə səs verilmirsə, buna görə günahkar seçki komissiyası deyil. O, təbliğat müddətinin uzadılması barədə təklifləri də yersiz sayıb: “Cəmiyyət sizi tanıyır, mövqeyiniz də bəllidir. İkincisi, özəl telekanallar var, pulunu ödə, təbliğatını apar. Xaricdə belədir. Ancaq hətta bizdə İctimai Televiziyada da pulsuz efir vaxtı ayrılır”.

 

 

O, ticarət mərkəzində, hansısa rayonda baş verən hadisənin qiyam adlandırılmasını yersiz hesab edib: “Əllərində çöp arı yuvası axtarırlar. Çöpləri əllərində qalıb. Xaricdəki ağaları ilə arı yuvası axtarırlar”.

 

 

Millət vəkili, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev QHT sektoru ilə bağlı 3 qanun layihəsi hazırlayaraq təqdim edildiyini söyləyib. O, sosial ipotekanın daha əlçatan olmasının vacib olduğunu bildirib. Millət vəkili Məlahət İbrahimqızı isə Hepatit-C xəstəliyi ilə bağlı xüsusi qanun qəbul edilməsini təklif edib: “Statistika bu xəstəliyin Azərbaycanda hər il artdığını göstərir. Bu, kifayət qədər maliyyə tutumlu məsələdir. Baxmayaraq ki, icbari tibbi sığorta ilə bağlı qanun qəbul edilib, agentlik yaradılıb, ancaq həyata keçirilmir”.

 

 

Millət vəkili Novruzəli Aslanov isə İsmayıllıda minlərlə insanın küçəyə çıxması barədə söylənilənlərin yanlış olduğunu vurğulayıb: “İki nəfərin şərəfsiz hərəkətinə insanlar münasibətlərini bildiriblər. Sonra bu prosesin hara yönəldildiyinin şahidi olduq. 200-250 insanın nə etmək istədiyini hamımız gördük. Dövlətçiliyi qoruyub saxlamaq üçün müvafiq hərəkətlər edilməlidir. Orada yanğın törədilib, əmlaka külli miqdarda ziyan dəyib. Biz iş yeri açmaq barədə danışırıq, ancaq o yandırılan oteldə 30 nəfər İsmayıllı sakini çalışırdı”.

Novruzəli Aslanov energetik içkilərin mağazalarda satışının qadağan edilməsini istəyib.

 

Spiker Oqtay Əsədov 2013-cü ilin seçki ili olduğunu vurğulayıb: “Bəzi məsələləri böyütmək lazım deyil. Neçə vaxtdır ki, İsmayıllı məsələsini hallandırırlar. Biz qanuni dövlət qurmuşuq, xoşagəlməz hadisələri başlı-başına buraxmaq olmaz. İsmayıllıdakı hadisə araşdırılır, tam həqiqət və əsl səbəblər ortaya çıxarılacaq.  O rayonda qalxdılar, bu rayonda qalxdılar, aksiyalar keçirildi… Bunların hamısı yalandır, ancaq qızışdırıcı xarakter daşıyır. Millət vəkilləri də seçildikləri rayonlarda bu məsələlərdə diqqətli olmalıdırlar ki, bu işlərin arxasında nə dayanır. Baş verənlər ölkənin siyasətinə kölgə salmamalıdır, çünki bu il seçki ilidir”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1430
avatar

Oxşar yazılar