Qurtuluşdan  ZƏFƏRƏ
15 iyun 2021 12:10 (UTC +04:00)

Qurtuluşdan ZƏFƏRƏ

Düz, 28 il əvvəl Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Ölkədə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət etmək məcburiyyətində qalmışdı. Həmin vaxt Naxçıvan MR Ali Məclisinin sədri, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək, iyunun 9-da Bakıya gəldi. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən ümummilli lider həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələsi başladı. 

15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşdü. Həmin dövrdən başlayaraq ulu öndərin uzaqgörən və qətiyyəti siyasəti, böyük siyasi təcrübəsi, dövlət idarəçilik istedadı sayəsində Azərbaycanın məhv olmaq təhlükəsindən qurtuldu, dövlət quruculuğunun hüquqi əsasları, dövlət idarəçilik mexanizmləri yaradıldı, bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu, Azərbaycan beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrildi, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar reallaşdırıldı.

1994-cü ildə “Əsrin müqaviləsi” ilə təməli qoyulan yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanın gələcək inkişafının əsasları yaradıldı. Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrildi. Ölkədə  iqtisadi tənəzzülün qarşısı alındı, əhalinin rifahının yüksəldilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinə başlandı. 

1993-2003-cü illər isə Azərbaycanın bir dövlət kimi qurulduğu, formalaşdığı və beynəlxalq hüququn subyektinə çevrildiyi mühüm mərhələdir. Bu illər ərzində Heydər Əliyevin rəhbərliyi ilə xalqımız  nadir tarixi fürsətdən istifadə edərək öz müstəqilliyini əbədi və dönməz etdi. Heç kimə sirr deyil ki, ümummilli lider Heydər Əliyevin apardığı siyasətin başlıca məqsədi, milli prioriteti Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Və nəhayət, elə cənab Prezidentin də dediyi kimi, “Ata vəsiyyəti yerinə yetirildi”. Bu il ilk dəfədir ki, Azərbaycan Milli Qurtuluş Gününü ölkəmizin ərazi bütövlüyü şəraitində qeyd edir. 

Akademik İsa Həbibbəyli yazılarının birində qeyd edir: “Heydər Əliyev epoxası ilə İlham Əliyev erası bir-birinin davamı olub, ayrılmaz və möhtəşəm bir tamın üzvü tərkib hissələridir. Zaman baxımından ardıcıl və vahid bir prosesi əhatə edən həmin tarixi mərhələlər siyasi qayəsi və mahiyyəti etibarilə də bir-birini tamamlayır. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanın tarixindəki və müasir həyatındakı ən böyük xidmətləri hər iki qüdrətli dövlət rəhbərinin Azərbaycan Respublikasının müstəqilliyinin taleyində və inkişafındakı misilsiz rolları ilə bağlıdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi onların dönməz mübarizəsinin, çoxcəhətli və yorulmaz fəaliyyətlərinin əsasını təşkil edir”. 

Əslində, Heydər Əliyev müstəqil dövlətimizin ordu quruculuğunun təməlini atdı, İlham Əliyev isə Azərbaycan ordusunu dünyanın əlli ölkəsinin ordusundan biri səviyyəsinə qaldırdı.  Və Əlahəzrət məntiq onu deyir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi məhz  Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad edilməsi çoxəsrlik Azərbaycan tarixinin çox şərəfli səhifəsidir. Bu Zəfər Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. 

Müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Etibarlı əldədir... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar