Sosial şəbəkələrdə Sabirabad rayon sakini İslam Hüseynovun Şirvan şəhərində polis əməkdaşlarının fəaliyyəti ilə bağlı səsləndirdiyi iddialar şəxsi mülahizələrdir, əsassızdır.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a bildirilib ki, aprelin 18-də İ.Hüseynovun oğlu atasına məxsus avtomobillə Şirvan şəhəri ərazində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərinin yoxlanışı zamanı onun avtomobili sürücülük hüququ və vəsiqəsi olmadan idarə etdiyi müəyyən olunub.
Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib.
Qanuni qərarla razılaşmayan İ.Hüseynov ictimai qaydanı kobud şəkildə pozaraq polis fəaliyyətinə maneə yaratmağa cəhd edib.
İctimai qaydanı pozduğuna görə barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.