Psixoloqlar görüşlərdə insanların tez-tez söylədiyi yalanlar haqqında danışıb və bu yalanların real münasibətlərin qurulmasına necə mane olduğunu açıqlayıblar. Onlayn tanışlıqlar dünyasında hər şey profil məlumatlarından başlayır. Hətta kiçik bir gözəlləşdirmə belə ciddi nəticələrə səbəb ola bilər. Kliniki psixoloq Set Meyers bildirir ki, ilk görüşədək ünsiyyət zamanı deyilən yalanlar mümkün simpatiyanı məhv edə və hər iki tərəfdə dərin məyusluq yarada bilər.
Bu barədə Lent.az məlumat verir:
Meyers ilk gündən dürüst olmağa çağırır və bunu belə əsaslandırır:
“Ya siz olduğunuz kimi xoşlanılacaqsınız, ya da yox — və bunu maska taxmadan əvvəlcədən bilmək daha yaxşıdır”. O, tanışlıqlar zamanı ən çox rast gəlinən üç yalan növünü qeyd edir:
1. Boy
Kişilər tez-tez boylarını bir neçə santimetr artıraraq təqdim edirlər ki, cəmiyyətin “kişiyə yaraşan” görünüş standartlarına uyğun gəlsinlər.
Qadınlar isə bəzən boylarını aşağı göstərirlər ki, potensial partnyordan daha uzun görünməsinlər. Psixoloq vurğulayır ki, boy hələ də cazibədarlıq və hətta üstünlük əlaməti kimi qəbul edilir — xüsusilə kişilərin profillərində. Bu da aşağıboylu kişilərin özlərini “qəbul olunmaz” kimi hiss etməsinə səbəb olur, halbuki real ünsiyyət zamanı belə komplekslər çox vaxt əhəmiyyətsiz olur.
2. Çəki
Əyri bucaqlardan çəkilmiş fotolar, filtrlər və ya bədənin ümumiyyətlə görünmədiyi şəkillər — bunlar da tipik yalanlardandır. Meyers bildirir ki, bu cür davranış pis niyyətdən yox, xarici görünüş səbəbilə rədd edilmə qorxusundan qaynaqlanır. “Ən vacibi — insanın daxili rahatlığıdır. Özünüzü olduğu kimi təsvir etsəniz, bu təkcə qarşı tərəfə hörmət deyil, həm də özünüzə olan inamın göstəricisidir”.
3. Maddi vəziyyət
Maddi durum çox zaman gizlədilir və ya gözəlləşdirilir. Bəziləri daha nüfuzlu vəzifə göstərir, digərləri gəlirlərini şişirdir. Amma psixoloqun fikrincə, həqiqət ünsiyyət zamanı onsuz da üzə çıxır. Özünəinamın az olması yalan danışmaq üçün əsas deyil. Daha düzgün yanaşma belədir:
“Hazırda zirvədə deyiləm, amma planım var".
Səmimiyyət zəiflik deyil, möhkəm münasibətin təməlidir
Psixoloq vurğulayır ki, dürüstlük heç də zəiflik deyil — əksinə, yetkin münasibətlərin bünövrəsidir. Dürüstlük vaxtınıza qənaət edir, emosional enerjinizi qoruyur və insanlar arasında gerçək bağlılığın yolunu açır.