Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələri: Daha bir platformadan dünyaya önəmli mesajlar
21 may 2021 18:07 (UTC +04:00)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələri: Daha bir platformadan dünyaya önəmli mesajlar

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib. Müzakirələrində 19 sabiq prezident və 12 sabiq baş nazirin, tanınmış siyasətçilərin, ictimai-siyasi xadimlərin, nüfuzlu ekspert və politoloqların iştirak etməsi, onların Azərbaycan Prezidentinin şəxsiyyətinə, fikirlərinə və rəylərinə böyük hörmətlə yanaşması, Vətən müharibəsində tarixi qələbə münasibətilə təbriklər və s. Azərbaycan Prezidenti İlham Əliyevin qlobal liderlik keyfiyyətlərini, Müzəffər Lider obrazını, dünya səviyyəli siyasətçi kimi böyük nüfuza malik olduğunu, mühüm problemlərin həllində dövlət başçımızın rəyinə və mövqeyinə ehtiyac duyulduğunu aydın şəkildə nümayiş etdirdi. 

Müzakirələrində iştirak edənlər regiona və dünyaya vacib mesajlar ünvanladılar. Tədbirdə çıxış edən dövlətimizin başçısı qeyd etdi ki, bir neçə ay əvvəl Azərbaycanın müharibədə qalib gəlməsi nəticəsində bölgədə yeni proseslərin şahidi olmaqdayıq. Prezident bildirdi ki, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. O qeyd etdi ki, “Uzun illər ərzində Ermənistan siyasi isteblişmenti  ictimai rəyi çaşdırırdı, bizim nə istədiyimizlə bağlı tamamilə qeyri-real mənzərə yaradırdı. Biz, sadəcə, ərazi bütövlüyümüzü bərpa etmək istəyirdik, tarixə və beynəlxalq hüquqa əsasən bizə məxsus olmuş ərazilərimizi geri qaytarmaq istəyirdik. Biz bir milyon azərbaycanlının öz evlərinə geri qayıtmasını istəyirdik və bizim tələbimiz legitim idi”. 

Dövlət başçısı eyni zamanda Azərbaycan-ABŞ, Azərbaycan-Aİ, Azərbaycan-Çin münasibətlərinə də toxunaraq siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, lakin əlaqələrin inkişaf perspektivlərinin daha çox olduğunu qeyd etdi. Tədbir Azərbaycanın qlobal səviyyəli məsələlərin həlli üçün mühüm platformaya çevrildiyini göstərməklə yanaşı, həm də bu problemlərin həllində Azərbaycanın rolunun yüksəldiyini nümayiş etdirdi. O da məlum oldu ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünya səviyyəli beyin mərkəzinə, qlobal  platformaya çevrilib. 

Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə  əslində, bu konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni reallığın qlobal müstəvidə təqdimatı idi: “Mərkəz vasitəsilə Azərbaycan Prezidentinin dünyaya və region ölkələrinə verdiyi mesajları üç mühüm istiqamətdə qruplaşdıra bilərik. Bunlardan birincisi, münaqişənin arxada qalması və artıq gələcəyə baxmağın vacibliyi, ikincisi, yeni reallığa uyğun olaraq münasibətlərdə yeni yanaşmanın formalaşdırılması, üçüncüsü isə ümumi birgə gələcəyə hazır olmağın zəruriliyidir. Bütün bu istiqamətlər üzrə Azərbaycanın mövqeyini bəyan edən Prezident İlham Əliyev ölkəmizin birgəyaşayışa, hətta Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bildirdi. Bu mövqe sərhədlərin qarşılıqlı tanınması ilə tamamlanan mühüm siyasi aktdan sonra regionun inkişafı və inteqrasiyası üçün yeni perspektivlər açmağa hesablanan məqsədlər kimi qəbul edilməlidir. Hazırda bir tərəfdən işğal dövründə bizə dəymiş maddi zərərin hesablanması, digər tərəfdən isə maddi-mənəvi irsimizin yenidən bərpası prosesi gedir. Bu, hərbi cinayəti törədənlərin cəzalandırılması üçün olduqca vacibdir”.

Müzakirələr zamanı çıxışlarda önəmli mesajlar da verilib. Məsələn, Dünya Bankının sabiq vitse-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin bildirib ki, Mərkəz beynəlxalq səviyyədə get-gedə daha çox tanınır. Sitat: “Bakı Qlobal Forumu regionda birinci dərəcəli tədbirə çevrilib və beynəlxalq təqvimdə xüsusi yer tutmağa nail olub”. 2005-2007-ci illərdə ABŞ-ın Milli Təhlükəsizlik Şurasında Cənubi və Mərkəzi Asiya Məsələləri üzrə direktor, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi  və Nazarbayev Universitetinin idarə heyətinin üzvü Deyvid Merkel də önəmli məqamlara toxunub: “Sizin və Azərbaycanın böyük heyranı olan mərhum Zbiqnev Bzejinski Azərbaycanı böyük şahmat lövhəsində mühüm strateji mərkəz adlandırmışdı və müstəqil Azərbaycanın Xəzər dənizinin enerji resurslarını Qərbə gətirəcəyini demişdi”. 

Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili bildirib ki, Azərbaycan regionda transformasiya xarakterli layihələrdə mərkəz rolunu oynayır. Bu isə  Qafqazın Avropanın ümumi enerji təhlükəsizliyi üzrə önəmli büro ölkəsinə çevrilməsinə, qlobal miqyasda beynəlxalq ticarətin və bağlılığın inkişafına imkan verir”. 

ABŞ-ın Azərbaycan Respublikasındakı sabiq səfiri Robert Sekuta qeyd edib: Mən və  bir sıra sabiq ABŞ səfirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə işləyirik ki, dünya liderlərini “Çatam Hauz” qaydalarına uyğun olaraq Qarabağla bağlı müzakirələrə cəlb edə bilək”. 
Avropa İttifaqının komissarı olmuş cənab Franko Fratti bir sıra maneələri dəf ediləndən sonra İtaliya Trans-Adriatik boru kəmərinin mükəmməl fəaliyyətindən tam məmnunluğunu qeyd edib. 
Çinin xarici işlər nazirinin müavini olmuş, hazırda Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti Vanq Çao isə ölkəsiylə Azərbaycan arasında dostluğun uzun tarixindən danışıb. “Zati-aliniz Çinlə dostluq münasibətlərinə hər zaman böyük əhəmiyyət verir. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk ölkələrdən olub”.
Sadaladığımız və digər çıxışlardan çıxan əsas nəticə odur ki, Azərbaycan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi qurumları yaratmaqla həqiqətlərimizi bütün dünyaya çatdırır. Cənubi Qafqazın lider ölkəsi kimi bir çox məsələlərdə özünün lider rolunu bütün dünyaya göstərir. Və ən nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin güclü bir lider olduğunu nümayiş etdirir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1935
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar