Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.
Lent.az bildirir ki, APA-nın Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, artıq 14 gündür davam edən aksiya ötən gecə boyu da davam edib.
Hazırda havanın şaxtalı olmasına baxmayaraq, etirazçılar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, aksiya dekabrın 12-dən davam edir.