İran elitasının   Xamenei ilə bağlı planları: Gizli danışıqlar 
24 iyun 2025 17:24 (UTC +04:00)

İran elitasının Xamenei ilə bağlı planları: Gizli danışıqlar 

İranda ali dini lider Əli Xameneinin gedişindən sonra ölkənin idarə olunması ssenariləri ilə bağlı aktiv müzakirələr başlayıb. Bu qapalı məsləhətləşmələrdə işgüzar və siyasi dairələrin nümayəndələri, hərbçilər, şiələrin ali ruhani hakimiyyət orqanlarının qohumları iştirak edir. Müzakirə təkcə Xameneinin hipotetik ölümündən deyil, həm də onun vəzifəsindən mümkün uzaqlaşdırılmasından gedir.

Lent.az bildirir ki, bu barədə “The Atlantic” islam respublikasındakı mənbələrə istinadən xəbər verir.

Elitanın planları və gizli danışıqlar

Bu müzakirələrdə iştirak edən iki iştirakçının fikrincə, Xameneini qanuni olaraq vəzifədən uzaqlaşdırmaq üçün 88 ayətullahdan ibarət dini şura olan Ekspertlər Assambleyasının səsverməsi lazımdır. Lakin ölkənin hazırkı siyasi quruluşunu və təhlükəsizlik xidmətlərinin nəzarət səviyyəsini nəzərə alsaq, belə bir səsvermənin təşkili çox çətin görünür.

Müzakirə olunan alternativ ssenarilərdən biri daxili çevrədən təzyiq yolu ilə qeyri-rəsmi uzaqlaşdırma və səlahiyyətlərin faktiki idarəetməni öz üzərinə götürə biləcək müvəqqəti struktura ötürülməsidir. Mənbələrdən birinə görə, "bu, ideyalardan sadəcə biridir. Tehran indi belə sui-qəsdlərlə  doludur. Onlar da avropalılarla İranın gələcəyi ilə bağlı danışıqlar aparırlar. Hamı başa düşür ki, Xameneinin günləri bitib. O, vəzifəsində qalsa belə, onun real gücü olmayacaq".

Keçid administrasiyasının mümkün fiqurları kimi müzakirə edilən şəxslər arasında keçmiş prezident Həsən Ruhani də var. Qeyd olunur ki, bu müzakirələrdə iştirak edən bəzi yüksək rütbəli hərbçilər Fars körfəzinin aparıcı ölkələrindən birinin nümayəndələri ilə daimi əlaqə saxlayırlar.

Zərbələrdən sonra: sistem daxilində parçalanma

İranın Natanz, Fordo və İsfahandakı nüvə obyektlərinə son hücumlardan sonra vəziyyət daha da pisləşib. Görüşlərdə iştirak edənlərdən biri deyib: "Hesab edirəm ki, hazırda Xameneini hansısa yolla aradan götürmək şansımız artıb. Amma biz hamımız narahatıq və qeyri-müəyyənik. Bu, əks istiqamətdə də gedə bilər".

Başqa bir mənbə ABŞ və İsraillə barışıq imkanlarına daha ölçülü-biçili yanaşaraq qeyd edib: “İran ABŞ-a qarşı qarşıdurma yolu seçsə belə, Xamenei uzaqlaşdırılmalı ola bilər”.

“The Atlantic” yazır ki, İran rejiminin yaxın çevrəsində parçalanma baş verib: elitanın bir hissəsi hətta Xameneinin getməsi bahasına da olsa, ABŞ-la təcili sövdələşmədə israr edir, digər yarısı isə zəifliyin növbəti təcavüzə səbəb olacağından ehtiyat edərək hücumlara sərt cavab tələb edir.

Müharibə və daxili böhran arasında

Tehrandan olan təhlükəsizlik üzrə ekspert Mostafa Nəcəfi ABŞ-ın hava hücumlarından sonra deyib ki, “İran cavab verəcək və müharibə müvəqqəti də olsa, genişlənəcək”. O, əmindir ki, İsrailin bir həftədir intensiv hücumlarına baxmayaraq, ölkə döyüşə hazır pilotsuz təyyarələr və raket arsenalını saxlayıb. Onun fikrincə, İran asimmetrik münaqişələrdə təcrübəsi sayəsində ABŞ və müttəfiqlərinə qarşı uzunmüddətli mübarizə apara bilər.

Bununla belə, Tehranın imkanları məhduddur. “Hizbullah”ın Livandakı hərbi qanadı zəifləyib və eskalasiyaya qarışmağa həvəsli deyil. İraqda seçki kampaniyası başlayıb və yerli iranpərəst qruplar daxili sabitliyin pozulmasından ehtiyat edərək birbaşa münaqişədən yayınırlar.

Belə bir şəraitdə İran elitasının bəziləri Nüvə silahlarının yayılmaması müqaviləsindən çıxmaq məsələsini gündəmə gətirir. Üstəlik, bu cür bəyanatlar təkcə radikallardan deyil, daha mötədil fiqurlardan da gəlir. Belə ki, hələ Amerikanın hücumundan əvvəl parlamentin keçmiş sədri, əvvəllər mərkəzçi hesab edilən Əli Laricani MAQATE-nin direktoru Rafael Qrossini hədələyib: “Müharibədən sonra sizin üçün gələcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1034

Oxşar yazılar