Dini dəyərlərdə insanların sülh və əmin-amalıq çərçivəsində birgə yaşamasına böyük əhəmiyyət verilir. Çünki İslam, Xristianlıq, Yəhudilik, Buddizm kimi dünya dinlərinin müqəddəs kitablarında dini dözümlülük və insanpərvərlik təşviq edilir, fərqli dinlərə qarşı düşmənçiliyin yolverilməzliyi göstərilir.
Bunun əksinə olaraq, təəssüflər olsun ki, Ermənistanın din xadimləri revanşist çıxışlar edərək zaman-zaman yerli əhalini silahlanmağa və türkləri öldürməyə çağırır. Elə bu cür mənəviyyatda və zehniyyətdə olan “din xadim”lərindən biri də erməni Apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyandır.
Belə ki, o, xütbəsində erməniləri Azərbaycanla müharibəyə səsləyərək özünü revanşist adlandırıb. Baxmayaraq ki, yuxarıda qeyd etdiyimiz kimi din adamı əslində millətini sülhə çağırmalıdır. Erməni keşiş xütbəsindən ətrafa azərbaycanlılara qarşı nifrət yağdırır.
Maraqlıdır, belə bir din xadiminin əhaliyə qarşı bu cür radikal fikirlərlə çıxış etməsi nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə Lent.az-a açıqlamasında bildirib ki, erməni kilsəsi və rəhbərliyi, din xadimləri yerli əhalini revanşizmə, müharibəyə çağırması ilk deyil.
Onun sözlərinə görə, bu gün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəməyən əsas kəsimlərdən biri də məhz erməni kilsələri və nümayəndələridir:
“Çünki erməni din xadimləri, kilsənin rəhbər adamları 44 günlük Vətən müharibəsindən qabaq da bizim əsgərlərə hücumlar təşkil edirdilər. Vətən müharibəsi dövründə istər Ermənistanda olan kilsə rəhbərlərinin, istərsə də Qarabağda olan erməni kilsə rəhbərləri əllərində silah gəncləri müharibəyə səsləyən çağırışlar edirdi. Onlar dəfələrlə gəncləri silahlanmağa, müharibəyə və öldürməyə çağırıblar. Çünki erməni xalqının xislətində təcavüzkarlıq var. Bu gün də Azərbaycanın qələbəsini və öz məğlubiyyətlərini qəbul edə bilmirlər. Məhz bu səbəbdən erməni din xadimləri də siyasətə qarışır, əhalini Azərbaycanla müharibəyə çağırırlar. Onlar yenidən Azərbaycan ilə Ermənistan arasında müharibənin başlanmasına çalışırlar. Maraqlı məqam odur ki, hansı hərbi qüvvə ilə müharibə edəcəklərini heç özləri də bilmir. Hərbisi olmayan bir ölkənin müharibəsi necə olacaq?”
Cavanşir Paşazadə fikirlərinə davam edərək həmçinin qeyd edib ki, dindarlar sülhə, əmin-amanlığa, iki xalqın sülh içərisində bir yaşamağa çağırmalıdır:
“Din xadiminin istər dövlətdaxili, istərsə də xarici müharibənin olmasına, insan qırğınına çağırış etməsi düzgün deyil. Təəssüf ki, bu gün erməni kilsəsi öz dininin ehkamlarına əməl etmir. Ermənistan tərəfindən edilən bu hərəkət ilk deyil. Onlar çalışırlar ki, yenidən bu məsələlər aktual olaraq qalsın”.