Zaqatala, Balakən və Qax rayonlarında fəaliyyət göstərən din xadimlərini İranın qərəzli siyasətinə qarşı bəyanat yayıb.
Lent.az-a daxil olan bəyanatda deyilir:
“Azərbaycan qonşu dövlətlər ilə münasibətini daima sülh, qarşılıqlı anlaşma və hörmət üzərində qurmağı vacib saymış və bütün sahələrdə əlaqələri inkişaf etdirmək istiqamətində daim əməli addımlar atmışdır. Biz Azərbaycan Respublikasının vətəndaşları və bölgənin din xadimləri olaraq vətənpərvərlik dəyərlərini ən ali dəyər hesab etmiş, dini məzhəbindən asılı olmayaraq daim dövlətçiliyimizə sadiqlik nümayiş etdirmiş, dövlətimizin müstəqilliyi, suverenliyi və azadlığına qarşı yönəlmiş hər bir təhlükə, təhdid və şübhəli məqamlarda xalq və dövlət birliyi nümayiş etdirərək dövlət başçımızın ətrafında “dəmir yumruq” kimi bir olmuş və Müzəffər Ali Baş Komandanımızın hər bir addımını dəstəkləmişik. Bu gün də dövlətimizin yanında vətəndaş birliyi və həmrəyliyi nümayiş etdirərək İran tərəfindən ölkəmizə səsləndirilən təhdidedici iddia və bəyanatlara, xüsusilə də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan sərhəd boyunca həyata keçirdiyi hərbi təlimlərə görə öz narahatlığımızı bildirərək İran İslam Respublikasının bu hərəkətlərinin müqəddəs İslam dininin qardaşlıq ruhuna uyğun olmadığını bəyan edirik.
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin və fərqli dinlərə sitayiş edən şəxslərin daim sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Dini vəhdət, mültikultralizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə dinindən, dilindən və milli kimliyindən aslı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir.
44 günlük tarixi zəfərdən sonra öz ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini və müstəqilliyini daha da möhkəmləndirmiş Azərbaycanın qonşu dövlətlərlə siyasi, iqtisadi əlaqələrində sülh və əməkdaşlığın təmin edilməsi üçün müəyyən addımların atdığı göz önündədir. Azərbaycanın xoş niyyətləri, humanist addımları və sülh çağırışları təəssüflər olsun ki, bəzi dövlətlər və siyasi dairələr tərəfindən aqressiv münasibət və açıq düşmənçilik meylləri ilə qarşılanır. İran İslam Respublikası ilə Azərbaycan Respublikasını bağlayan tarixi mənəvi dəyərlər arasında İslam dini amili mühüm əhəmiyyət kəsb edir. Bu tarixi dəyər hər iki xalqın daha da yaxınlaşmasına xidmət etməlidir. Təəssüf hissi ilə qeyd edirik ki, dövlətimizin Qarabağ problemi olduğu dövrdə, həmçinin, 2020-ci ildə 44 gün ərzində əldə edilən şanlı zəfərdən sonrakı dövrdə və hal-hazırda da İran dövlətinin mənfur qonşumuz Ermənistana qarşı olan münasibətin himayədarlıq səciyyəsi daşıması biz bölgə dindarları tərəfindən pislənilir və qəbul edilmir. Uzun illər ərzində əsl dostluq və qardaşlıq kimi İslam həmrəyliyindən çıxış edən digər müsəlman ölkələrindən fərqli olaraq İran mənfur Ermənistan ilə olan münasibətini daha da inkişaf etdirərək başqa müstəviyə aparmış, müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış ermənilərə silah və hərbi yardım sözü verir, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirir və diplomatik əlaqələri daha da genişləndirir.
İslam dinində olan mənəvi qardaşlıq iman bağları ilə bir-birinə bağlanan insanların qardaşlığıdır. Təqvadan qaynaqlanan və mömin könülləri bir-birinə birləşdirən bu qardaşlıq bağı Cənab-ı Haqqın iman edən qullarına bəxş etdiyi ən gözəl nemətlərdən biridir. Peyğəmbərimiz “Müsəlman müsəlmanın qardaşıdır” deyərək dünyanın harasında olmasından asılı olmayaraq bütün insanların qardaş olduğunu və müsəlmanların “İman etmədikcə Cənnətə girməyəcəkləri, bir-birlərini sevmədikcə də həqiqi anlamda iman etmiş olmayacaqlarını” bəyan etmişdir. Müsəlman dövlət hesab edilən İranın Azərbaycana qarşı olan bu yanaşması müqəddəs İslam dinindən doğan birlik və məzhəbi yaxınlıq amilləri ilə heç cür bir araya sığmır, dövlətimizə qarşı həyata keçirilən bu münasibət biz dindarlar tərəfindən pislənilir və qəbul edilmir.
Biz dindarlar, həmçinin, Azərbaycan Respublikası vətəndaşları üçün önəmli olan digər amil Araz çayıdır ki, bu çay həm o tayda, həm də bu tayda yaşayan azərbaycanlılar üçün müqəddəsdir, doğmadır. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin Xudafərin körpüsü üzərində Azərbaycanın üç rəngli bayrağını qaldırarkən söylədiyi kimi: “Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir. Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir. Azərbaycan-İran sərhədi dostluq, əməkdaşlıq sərhəddidir”.
Biz-Zaqatala, Balakən və Qax rayonlarında fəaliyyət göstərən din xadimləri olaraq İran İslam Respublikasının doğma vətənimiz Azərbaycana qarşı olan haqsız siyasətini və düşmən yönümlü hərəkətlərini pisləyir, ölkəmizlə olan əlaqələrində xoş niyyətli, humanist və sülh tərəfdaşı olmağa dəvət edir, müqəddəs Qurani-Kərim kitabından və Hz. Məhəmməd Peyğəmbər hədislərindən müsəlmanlara aşılanan İslam mənəvi qardaşlıq ruhuna sadiq qalmalarını tələb edirik.
Uca və əzəmətli Allah-təala dövlətçiliyimizi, müstəqilliyimizi və azadlığımızı qorusun və daimi etsin!”