Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri bu ölkənin aparıcı media resurslarında geniş işıqlandırılıb.
APA xəbər verir ki, Özbəkistan mətbuatı səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsi və strateji tərəfdaşlığın daha da möhkəmlənməsi baxımından tarixi hadisə kimi təqdim edib.
Özbəkistanın UZA dövlət informasiya agentliyi Azərbaycan və Özbəkistan prezidentlərinin danışıqlarının nəticələrini önə çıxararaq, iki ölkə arasında “Əbədi dostluq haqqında” Müqavilənin imzalanmasını xüsusi vurğulayıb.
Nuz.uz portalı səfəri “tarixi sammit” adlandırıb. Nəşr yazıb ki, görüşlər zamanı siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlıq, investisiyalar, nəqliyyat və yeni birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Gazeta.uz Azərbaycan Prezidentinin səfərini və keçirilən görüşləri geniş işıqlandıraraq, iki ölkə arasında “Əbədi dostluq haqqında” müqavilənin imzalanmasını əsas hadisələrdən biri kimi təqdim edib. Nəşr həmçinin İlham Əliyevin “Yeni Daşkənd” layihəsi ilə tanış olmasına və burada Azərbaycan parkının yaradılması planlarına diqqət çəkib.
Daryo.uz isə Azərbaycan Prezidentinin “Yeni Daşkənd” layihəsi ilə tanışlığını ayrıca xəbər kimi yayıb. Nəşr prezidentlərin şəhərin baş planı və aparılan tikinti işləri ilə tanış olduğunu qeyd edib.
Qalampir.uz Azərbaycan-Özbəkistan münasibətlərinin siyasi əhəmiyyətinə diqqət yetirib. Nəşr Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanı “etibarlı müttəfiq” və mühüm tərəfdaş kimi xarakterizə etdiyini ön plana çıxarıb.
Zamin.uz isə səfərin iqtisadi nəticələrini önə çəkərək, iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfinə və yeni investisiya layihələrinə diqqət çəkib. Nəşr bunu Azərbaycan və Özbəkistan arasında “əbədi dostluq” münasibətlərinin praktiki əməkdaşlıqla möhkəmləndirilməsi kimi təqdim edib. Zamin.uz-un materialı
Platina.uz saytı isə Azərbaycan-Özbəkistan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsində İlham Əliyevin rolunun böyük olduğunu yazıb.
Bundan başqa, Kun.uz, Yuz.uz, Vaqt.uz, Zamon.uz və Darakchi.uz kimi nəşrlər də Prezident İlham Əliyevin təntənəli qarşılanmasını, Ali Dövlətlərarası Şuranın III iclasını, qarşılıqlı dövlət təltiflərini, yeni birgə layihələri və “Azərbaycan” parkının yaradılması planını geniş işıqlandırıblar.
Beləliklə, Özbəkistan mediasının materiallarında səfərin üç əsas istiqaməti – siyasi münasibətlərin yeni mərhələsi, 1 milyard dollarlıq iqtisadi əməkdaşlıq hədəfi və humanitar-mədəni əlaqələrin genişləndirilməsi – xüsusi diqqət çəkib.