Azərbaycan–Özbəkistan münasibətləri artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq regional və geosiyasi əhəmiyyət daşıyır.
Lent.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin mətbuat qarşısında səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq regional və geosiyasi əhəmiyyət daşıdığını göstərir: “İki ölkə arasında münasibətlərin əsasını yalnız siyasi və iqtisadi maraqlar deyil, ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və sivilizasiya yaxınlığı təşkil edir. Bu amillər Azərbaycan–Özbəkistan əlaqələrini daha dayanıqlı və uzunmüddətli edir. Özbəkistan Prezidentinin Azərbaycanı “etibarlı müttəfiq, strateji tərəfdaş və qardaş dövlət” adlandırması da münasibətlərin mahiyyətini əks etdirir”.
Rizvan Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi region kimi formalaşması ilə bağlı fikirləri yeni regional əməkdaşlıq imkanlarını göstərir: “Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi, iqtisadi potensialı və nəqliyyat imkanları Şərq-Qərb bağlantılarının inkişafında iki ölkənin rolunu daha da artırır”.
Deputat Trans-Xəzər dəhlizinin inkişafını bu əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirib. O vurğulayıb ki, Azərbaycan Xəzər vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən mühüm tranzit qovşağıdır, Özbəkistan isə böyük iqtisadi və sənaye potensialına malikdir. Bu imkanların birləşdirilməsi daha geniş Avrasiya məkanında yeni iqtisadi imkanlar yaradır.
Rizvan Nəbiyev Şavkat Mirziyoyevin Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın dirçəlişi ilə bağlı fikirlərinin də xüsusi siyasi və mənəvi əhəmiyyət daşıdığını bildirib: “Özbəkistanın Qarabağın bərpasında iştirakı iki xalq arasındakı qardaşlığın konkret layihələrdə də ifadə olunduğunu göstərir”.
Deputatın fikrincə, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulması Azərbaycan–Özbəkistan münasibətlərinin regional tərəfdaşlıq müstəvisinə keçməsini sürətləndirən mühüm addımdır. Bu proses Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında etimad, mehriban qonşuluq və qarşılıqlı bağlılıq məkanının formalaşmasına xidmət edir.
Rizvan Nəbiyev “Əbədi dostluq haqqında” Müqaviləni isə iki ölkə arasında münasibətlərin uzunmüddətli hüquqi və strateji əsaslarını müəyyən edən mühüm sənəd kimi dəyərləndirib. O qeyd edib ki, sənəd siyasi-strateji tərəfdaşlıq, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, energetika, rəqəmsal inkişaf, humanitar və mədəni əməkdaşlıq daxil olmaqla geniş sahələri əhatə edir: “Müqavilə tarixi qardaşlığı institusional və hüquqi müstəviyə keçirərək Azərbaycan və Özbəkistan arasında gələcək əməkdaşlığın hərtərəfli yol xəritəsini formalaşdırır”.