ABŞ-ın dövlət katibi İlham Əliyevə  ZƏNG ETDİ
28 aprel 2024 23:16 (UTC +04:00)

ABŞ-ın dövlət katibi İlham Əliyevə ZƏNG ETDİ

ABŞ dövlət katibi Entoni Blinken aprelin 28-də Prezidenti İlham Əliyevə zəng edib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Entoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb.

Dövlət katibi ABŞ-nin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib.

Dövlət başçısı iki ölkənin delimitasiya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib.

Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib.

Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Dövlət katibi Entoni Blinken ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlət başçısı da öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Antoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkədə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb.

# 2826
avatar

Oxşar yazılar