Hindistanlı K.Padmarajan 238 seçkiyə qatıldığı və hər dəfə məğlub olduğu üçün "Seçkilər kralı" və "Dünyanın ən bədbəxt namizədi" adlandırılıb.
Lent.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, son 30 ildə Hindistanın Tamilnad ştatından olan 65 yaşlı təmirçi K.Padmarajan yüzlərlə seçkidə iştirak edib və qeydiyyat rüsumlarına minlərlə dollar xərcləyib. Seçkilərdə qalib gəlməyə ən yaxın olduğu 2011-ci ildə Mettur şəhərində Baş assambleyada yer almaq üçün mübarizə apardığı və 6273 səs aldığı zaman olub.
Padmarajan son açıqlamalarında onun üçün qələbənin ikinci dərəcəli məqsəd olduğunu bildirib. Onun fikrincə, əsas olan əzmkarlıq və məğlubiyyəti qəbul etmək bacarığıdır. Əvvəlki 238 seçkidə uğursuzluğa düçar olan K Padmarajan məğlubiyyət seriyasını davam etdirmək niyyətindədir.
Bu il o, bu dəfə Tamilnad ştatındakı Dharmapuri dairəsində parlament kreslosunu hədəf alaraq mübarizəyə qayıdıb. Padmarajanın hekayəsi 1998-ci ildə məmləkəti Metturda bürokrat kimi seçkilərə qatılmaq qərarına gəldiyi zaman başlayıb.
O, qalib gəlmək şansının minimal olduğunu başa düşüb, lakin nümayiş etdirmək istəyib ki, istənilən adi insanın rəsmi vəzifəyə can atmaq hüququ var. Son 30 il ərzində bu adam hətta Hindistanın baş naziri Narendra Modi və onun sələfləri Atal Bihari Vacpayi və Manmohan Sinq kimi tanınmış simalara da seçkilərdə məğlub olub.
Başqalarını ruhlandırmaq və gündəlik həyatda onun əzmkarlıq nümunəsini izləməyə həvəsləndirmək üçün Padmarajan müntəzəm olaraq tələbələrə davamlılıq və uğursuzluğun aradan qaldırılması haqqında mühazirələr oxuyur.