Bəxtiyar Sadıqov: ““Xural” məhkəmə  qarşısında cavab verməli olacaq”
21 sentyabr 2011 13:43 (UTC +04:00)

Bəxtiyar Sadıqov: ““Xural” məhkəmə qarşısında cavab verməli olacaq”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Şura üzvü olmadıqlarını əsas gətirərək, bu qərarı tanımadıqlarını, Şuranı məhkəməyə verəcəklərini bildirib. Qəzetin son iki sayında isə Şura üzvlərinin ünvanına ittiham və təhqirlərin əks olunduğu məqalələr yerləşdirilib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov Lent.az-a açıqlamasında Şuranın qərarının doğru olduğunu vurğulayıb: “”Xural” qəzeti çoxdan Mətbuat Şurasının «qara siyahısı»na salınmalı idi, bu qərarımız bir qədər gecikib. Çünki «Xural» sözün həqiqi mənasında «reketçiliklə» məşğuldur. Şəxsi maraq və təmənnasına uyğun olaraq, habelə ona verilmiş sifarişlər əsasında utanıb çəkinmədən istənilən insan haqqında şər və böhtan xarakterli qərəzli yazılar dərc edir. Artıq neçə illərdir ki, «Xural» və onun baş redaktoru vətəndaşların şərəf və ləyaqətini alçaltmaqla qələmlərini nəfslərinin qurbanına çeviriblər. Xatırladım ki, onlar tərəfindən təhqirə, əsassız tənqidə, hücumlara məruz qalmış insanlar tərəfindən indiyədək dəfələrlə «Xural»a qarşı məhkəmə iddiası qaldırılıb, qəzetlə bağlı qərarlar çıxarılıb. Təəssüf ki, məhkəmə qərarlarının icrasında loyallıq göstərilib, azad sözü qərəzli fəaliyyətlərinin qurbanına çevirənlər bir çox hallarda cəzalandırılmamış qalıb. Ona görə də «Xural»ın kollektivi, ən əsası onun baş redaktoru tutduqları naqis yolla daha da irəli gedib, tamahlarının əsirinə çevriliblər”.

B. Sadıqov deyib ki, Şura azad söz və mətbuatın keşiyində layiqincə dayanır, jurnalistlərin peşə davranışı qaydalarının yerinə yetirilməsini təmin etmək üçün gərgin fəaliyyət göstərir: “Mətbuat Şurasına indiyədək eyni vaxtda bir qəzet barədə bir dəfəyə 6 şikayət daxil olmayıb. Bundan əlavə, nəzərə alsaq ki, qəzetin Cənub bölgəsi üzrə müxbiri «reketçilik» niyyəti ilə məscidə gedərək (özü də sərxoş vəziyyətdə), axunddan pul qoparda bilməyəndə bu müqəddəs məkanı daşa basaraq xuliqanlıq əməli törətdiyinə görə hazırda həbsdədir, onda bu şikayətlərin sayı 7 olur. Mətbuat Şurasının üzvləri bu dəfə prinsipiallıq göstərdilər, öz obyektiv qərarlarını verdilər. Bir daha təkrar edirəm, «Xural» öz «reketçilik» fəaliyyəti ilə «qara siyahı»ya düşməyə tam layiqdir. Qəzetin böhtan və yalanlarının hədəfi olanların sırasında sıravi vətəndaşlar, ictimai xadimlər, görkəmli ziyalılar, özəl sektorun təmsilçiləri, KİV nümayəndələri, dövlət məmurları xüsusi yer tutur. Dəfələrlə Mətbuat Şurası tərəfindən edilən xəbərdarlıqları, barələrində çıxarılan məhkəmə qərarlarını nəzərə almayan, qərəzli və böhtançı fəaliyyətlərindən əl çəkməyən «xural»çılar, göründüyü kimi, normal qəzet çıxarmaq niyyətində deyillər”.

B. Sadıqov deyib ki, son günlər qəzet şura üzvlərini təhqir hədəfinə çevirən yeni kampaniyaya başlayıb: “ Şər və böhtanları, cılız təhqirləri ilə həm öz mahiyyətini bir daha açıb göstərir, həm də nümayiş etdirir ki, o, beynəlxalq standartlara və milli-mənəvi dəyərlərə əsaslanan, əsl mətbuat prinsiplərinə uyğun gələn qəzet nəşr etmək niyyətində deyil. Eyni zamanda görünür ki, o, yenə də cəzasız qalacağını düşünür!
Ancaq Azərbaycan jurnalistlərinin öz qurultaylarında böyük etimad göstərərək Mətbuat Şurasının İdarə Heyətinə üzv seçdikləri insanlar həm özlərinin, həm də Mətbuat Şurasının şərəfini qorumağa qadirdirlər. Üstəlik, Azərbaycan hüquqi, demokratik dövlətdir. Hüququn aliliyi tam təmin olunub. İslahedici proseslərə adekvat cavab verməyən və beləliklə də, özlərini mətbuatın əsl missiyasından təcrid edən «xural»çılar jurnalistikanın təməl prinsiplərinə və qanunun tələblərinə zidd fəaliyyət göstərməkdə davam etsələr, biz onlarla artıq hüququn dili ilə danışmalı olacağıq. Əvəz ağlını başına yığıb, tutduğu səhv və naqis yoldan geri dönməsə, qanun qarşısında, məhkəmə qarşısında cavab verməli olacaq. Daha kimlərinsə onu yenə də müdafiə edəcəyinə də bel bağlamasın, çünki Azərbaycanda qanun hər şeydən yüksəkdə durur!”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1096

Oxşar yazılar