Müsavat başqanının müavini: “Həbsdə olan Arif Hacılı partiya sədrliyinə namizəd ola bilər”
18 iyul 2011 18:26 (UTC +04:00)

Müsavat başqanının müavini: “Həbsdə olan Arif Hacılı partiya sədrliyinə namizəd ola bilər”

“Havaların isti keçməsi qurultay hazırlıqlarına müəyyən qədər təsir edir. Ancaq biz rayon təşkilatlarına tapşırıq vermişik ki, hazırlıqlar tezliklə yekunlaşsın və bu iş ən azı sentyabr ayında baş tutsun”.


Bunu Lent.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. G. Aslanlı bildirib ki, qurultay hazırlıqları davam etsə də, Arif Hacılının həbsdə olması bu işlərə öz təsirini göstərir: “Arif bəy bu işlərin uzmanıdır. Partiyada bu işlər əsasən, onun rəhbərliyi ilə həyata keçirilib. Onun həbsxanada olması hazırlıqlara təsirini göstərir. Bunu söyləməmək günah olar. Ancaq biz maksimum çalışırıq ki, sentyabrın sonu-oktyabrın əvvəlində qurultayı keçirək”.


Müsavat başqanın müavini partiya üzvlərinin həbsdə olmalarının qurultayı əngəlləməyəcəyini, istənilən halda qurultayın keçiriləcəyini bildirib.


Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılının Müsavat başqanlığına namizəd olması ehtimalına da toxunan partiya funksioneri partiyanın nizamnaməsində belə bir qadağanın olmadığını və Arif Hacılının həbsxanadan Müsavat başqanlığına namizəd ola biləcəyini bəyan edib: “Arif Hacılı özü namizəd ola və ya partiya üzvləri onun namizədliyini irəli sürə bilər”.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar