Avropa İttifaqının nümayəndələri heyəti Bakıda məcburi köçkünlərlə görüşüblər
16 iyun 2011 15:32 (UTC +04:00)

Avropa İttifaqının nümayəndələri heyəti Bakıda məcburi köçkünlərlə görüşüblər

Azərbaycanda səfərdə olan Avropa İttifaqının miqrasiya məsələləri üzrə nümayəndə heyəti Bakının Dərnəgül qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda olub. APA-nın xəbərinə görə, nümayəndə heyətinin üzvləri məcburi köçkünlərin həyat şəraiti ilə maraqlanıblar. Nümayəndə heyətinə rəhbərlik edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Rolan Kobia deyib ki, qurum Azərbaycanda məcburi köçkünlərin problemlərinə çox həssaslıqla yanaşır. O, jurnalistlərə açıqlamasında məcburi köçkünlərin problemləri, həyat şəraiti ilə indiyə kimi də tanış olduğunu qeyd edib.


R. Kobia nümayəndə heyətinin səfərində əsas məqsədin də məcburi köçkünlərin həyat şəraiti ilə tanışlıq olduğunu açıqlayıb. Onun sözlərinə görə, səfərin digər məqsədi Azərbaycanla Avropa İttifaqı arasında sadələşdirilmiş viza rejiminin tətbiqi ilə bağlı müzakirələr aparmaqdır: “Biz bu danışıqların başlanmasına çox optimist baxırıq. Danışıqlara yaxın zamanda başlamağa hazırıq”.


Qeyd edək ki, nümayəndə heyətinə Avropa İttifaqının ekspertləri, hazırda quruma sədrlik edən Macarıstanın nümayəndələri, Avropa Komissiyasının təmsilçiləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476

Oxşar yazılar