Kişinyovda beynəlxalq media konfransı keçirilir
09 iyun 2011 17:21 (UTC +04:00)

Kişinyovda beynəlxalq media konfransı keçirilir

Bu gün Moldovanın paytaxtı Kişinyovda Avropa Şurası və Avropa Birliyinin birgə təşəbbüsü ilə medianın özünütənzimləməsinə dair iki günlük beynəlxalq konfrans işə başlayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Lent.az-a açıqlamasında deyib ki, tədbirdə əsasən mətbuat şuralarının özünütənzimləmədəki rolu ətrafında fikir mübadilələri aparılır və bu baxımdan peşə davranışı qaydalarının roluna da nəzər salınır.

O qeyd edib ki, Azərbaycan Mətbuat Şurası təkcə Müstəqil Dövlətlər Birliyi deyil, eyni zamanda Şərqi Avropa məkanında kifayət qədər oturuşmuş struktura malik institutdur: “Mətbuat Şurasının təcrübəsi dəfələrlə regional səviyyəli toplantılarda yüksək dəyərləndirilib və model kimi qəbul edilib. Bununla belə, Kişinyovda medianın özünütənzimləməsinə həsr olunmuş tədbirdə iştirak vacibdir və əldə edəcəyimiz nəticələrin daha faydalı fəaliyyət baxımından əhəmiyyətli olacağını düşünürük”.

Qeyd edək ki, Rusiya, Ukrayna, Moldova, eləcə də Qərbi Avropa ölkələrindən də nüfuzlu media ekspertlərinin qatıldıqları toplantının təşkilində prioritet vəzifələrdən biri regional miqyasda media qurumlarının fəaliyyətinin əlaqələndirilməsinin təşkilinə dəstək göstərməkdir. Bu baxımdan konfransın proqramına vahid koordinasiya mərkəzinin yaradılması ətrafında müzakirələrin aparılması da daxil edilib. Tədbirdə həmçinin sosial şəbəkələr və onların ictimai tənzimlənməsi ilə bağlı fikir mübadilələrinin aparılması da nəzərdə tutulur.

Beynəlxalq konfransda Əflatun Amaşovla yanaşı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar