Rəsmi Bakı Avropa İttifaqı komissarının bəyanatına münasibət bildirib
20 aprel 2011 16:05 (UTC +04:00)

Rəsmi Bakı Avropa İttifaqı komissarının bəyanatına münasibət bildirib

“Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarının nümayəndəsinin 17 aprel aksiyası ilə bağlı dərhal verdiyi bəyanat bəzi qeyri-dəqiq məlumatlara əsaslandığından həqiqətə uyğun deyil və proseslərə ədalətli mövqe nümayiş etdirmir”.



Bunu APA-ya açıqlamasında Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycanda ifadə və sərbəst toplaşmaq azadlığının vəziyyəti ilə bağlı Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fulyenin adından yayılmış bəyanata münasibət bildirərkən deyib.


N. Məmmədov Azərbaycanda fikir və sərbəst toplaşma azadlığı ilə bağlı heç bir problemin olmadığını bildirib: “Jurnalistlərin fəaliyyətinə gəldikdə isə, onların öz peşələri ilə məşğul olmağına məhdudiyyət qoyulmur, onlar öz hüquqlarından tam istifadə edirlər. Müxalifətin qanunvericilik çərçivəsində toplaşması və dinc aksiya keçirməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq yerlər ayrılıb və bu barədə rəsmi məlumat verilib. Azərbaycan üzv olduğu beynəlxalq və regional təşkilatlar və qurumlar qarşısında üzərinə götürdüyü öhdəliklərə sadiqdir və onları yerinə yetirir. Qeyd etmək lazımdır ki, ölkədə gedən proseslərə adekvat olmayan mövqelərin bildirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında formalaşmış əməkdaşlığın ruhuna ziddir.


Qeyd edək ki, İctimai Palatanın 17 aprel aksiyası ilə bağlı Ş. Fulyenin adından yayılan bəyanatda Azərbaycanda ifadə və sərbəst toplaşmaq azadlığının vəziyyətindən narahatlıq ifadə olunub. Bəyanatda, həmçinin, Azərbaycan hakimiyyəti münasib yerlərdə dinc nümayişlər keçirilməsinə şərait yaradılmasına, insan haqları və demokratiya sahəsində Avropa Şurası və ATƏT-in öhdəliklərinə əməl edilməsinə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843

Oxşar yazılar