BŞBPİ və şəhər Prokurorluğu rəsmi açıqlama yaydı
17 aprel 2011 19:15 (UTC +04:00)

BŞBPİ və şəhər Prokurorluğu rəsmi açıqlama yaydı

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu İctimai Palatanın bu günkü razılaşdırılmamış etiraz aksiyasına cəhdi ilə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyaları və təşkilatlar 2011-ci il aprelin 17-də N.Nərimanov adına kinoteatrın qarşısında mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər.

Rəsmi məlumatda deyilir ki, müraciətə baxılaraq «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsinə əsasən ictimai mənafelərin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın paytaxtın mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Səbail rayonunun Bibiheybət qəsəbəsindəki stadion təklif olunub. Müraciətin müəlliflərinə bu haqda yazılı məlumat verilib, habelə müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı və baş verə biləcək ictimai qayda pozuntusuna görə məsuliyyət daşıyacaqları barədə onlar Bakı Şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdar olunublar.

“Lakin aksiyanın təşkilatçıları aprelin 17-də saat 16.00-dan başlayaraq, ümumi sayı təxminən 150 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən paytaxtın «Sahil bağı»nda toplaşmağa cəhd göstəriblər. Polis orqanları tərəfindən «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin II hissəsinə əsasən toplantının təşkilatçılarının və iştirakçılarının dağılışmaq barədə məlumatlandırılmasına, əks halda qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi haqda dəfələrlə xəbərdar olunmalarına baxmayaraq bu tələb yerinə yetirilməyib” – deyə məlumatda qeyd olunur.

BŞBPİ və şəhər Prokurorluğu bildirib ki, görülmüş tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin qarşısı alınaraq qanunsuz aksiyanın 65 iştirakçısı saxlanılıb: “Onlardan 40 nəfərinin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək, toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 25 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar