Mehriban Əliyeva: “Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir”
08 aprel 2011 14:58 (UTC +04:00)

Mehriban Əliyeva: “Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir”

“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi Azərbaycan ötən illər ərzində bir neçə belə tədbirə ev sahibliyi edib. 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunub, Bakıda İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirilib. 2008-ci ildə isə Azərbaycanda keçirilən mədəniyyətlərarası dialoqda qadınların roluna həsr olunmuş beynəlxalq konfrans Bakı Bəyannaməsinin qəbulu ilə başa çatıb. Əslində belə tədbirlərin keçirilməsi üçün Azərbaycanda əlverişli mühit mövcuddur. Azərbaycan bütün dünyaya açıq olan ölkədir, burada yüksək tolerantlıq mövcuddur”.


APA-nın məlumatına görə, bu fikirləri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Qadınlar: Mədəniyyətlərarası Dialoqun Əsas Təmsilçiləri” sessiyasında çıxışı zamanı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva deyib.


O, Azərbaycanda ən müxtəlif dini konfessiyaların fəaliyyət göstərdiyini vurğulayıb. M.Əliyeva Bakıda belə möhtəşəm tədbirin keçirilməsinə verdiyi dəstəyə görə beynəlxalq təşkilatlara təşəkkür edib: “Bugünkü tədbir dövlətlər arasında formalaşan sağlam münasibətlərə xidmət edən bir addımdır. Mədəniyyətlərarası dialoq indi dünyada ən aktual mövzulardan biridir. Müxtəlif ölkələrdə bu problemə həsr olunmuş dəyirmi masalar, forumlar, konfranslar keçirilir. Təəssüflər olsun ki, buna rəğmən qarşıdurmaların sayı azalmır, əksinə artır. Təəssüf ki, düşmənçilik, etnik təmizləmələr, müharibələr bugünkü dünyamızın reallığına çevrilib”.


M.Əliyeva ABŞ-da bir keşişin nümayişkaranə surətdə müqəddəs Qurani-Kərimi yandırması faktına da münasibət bildirib: “Bəzi qüvvələr insanların ən müqəddəs hissləri ilə oynayırlar. Bütün dinlər bir-biri ilə çox yaxındır, ən müxtəlif dinə tapınan biz insanlar bir Tanrıya dua edirik. Dualarımızın mahiyyəti də eynidir. Təəssüf ki, bu gün insanlıqla bir araya sığmayan bir faktla üzləşmişik. Özünü din xadimi adlandıran bir nəfər müqəddəs Qurani-Kərimi yandırıb. Bu hərəkətə nə ad vermək olar? Onun məqsədi nədir? Bu, hansı qüvvələrin sifarişidir? Çox təəssüf edirəm ki, beynəlxalq ictimaiyyət müqəddəs Quranın yandırılması faktına reaksiya verməyib, münasibət bildirməyib”.


Mehriban xanım çıxışında dinin siyasiləşdirilməsi məsələsinə toxunub, bunu bəşəriyyətin ən böyük problemlərindən biri adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1189

Oxşar yazılar