Hərbi yönümlü QHT-lər prezidentə müraciət ediblər
14 mart 2011 18:23 (UTC +04:00)

Hərbi yönümlü QHT-lər prezidentə müraciət ediblər

Martın 14-də Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin ofisində Azərbaycanda müdafiə və təhlükəsizlik, hərbi vətənpərvərlik, əlil və veteranlarla iş sahəsində fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatı toplantı keçirib.

Lent.az-ın verdiyi məlumata görə, toplantıda 9 yaşlı Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilməsi və müxalifət düşərgəsində təmsil olunan bir qrup partiyanın ötən cümə və şənbə günləri keçirmək istədikləri aksiyalar müzakirə mövzusu olub.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, Ermənistan rəhbərliyi, əsasən də Serj Sərkisyan və keçmiş prezident Robert Köçəryanın əlləri minlərlə mülki azərbaycanlının qanına batıb: “9 yaşlı Fariz Bədəlovun erməni hərbçisi tərəfindən snayperlə martın 8-də qətlə yetirilməsi buna misaldır. Öz xalqına qarşıda cinayətlər törədən Ermənistan hökuməti bir daha sübut edir ki, onlar uşaq qatilidir”.

Emin Həsənli qeyd edib ki, nədənsə beynəlxalq təşkilatlar bu günə qədər bu məsələyə yetərli reaksiya verməyiblər: “Biz istərdik ki, ötən həftə küçələrə çıxan gənclər ABŞ-ın, Fransanın, Rusiyanın səfirliyi önündə aksiya keçirəydilər. Azərbaycanın elə qonşuları var ki, ölkədə baş verən qarşıdurmadan istifadə edib, ərazilərimizi işğal etmək fürsətini gözləyir”.

Sonda Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ehtiyatda olan Zabitlər Konfederasiyası, Azərbaycan Respublikası Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Çernobıl Əlilləri Cəmiyyəti, Azərbaycan Çernobıl Əlilləri İttifaqı, Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyi, Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi, “Əsgər Anaları” Şurası, Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi, “Əsgər Ailəsi” Cəmiyyəti, Azərbaycan Respublikası “20 Yanvar Cəmiyyəti”, Aztəminatlı Əlil, Veteran və Şəhid Ailələri İctimai Birliyi, Şəhid Ailələrinin Hüquqlarının Müdafiəsi İctimai Birliyi, Şəhid Ailələrinə Maddi və Mənəvi Yardım İctimai Birliyi və digər təşkilatlar tərəfindən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət ünvanlanıb.

Müraciətdə bildirilib ki, Azərbaycan ictimaiyyətinin tam əksər hissəsi kimi, onlar da hazırda ölkədə hökm sürən ictimai-siyasi sabitliyə və əldə olunan iqtisadi inkişafa kölgə salmağa çalışan bir qrup insanın fəaliyyətini qətiyyətlə pisləyir, onların qarşısının alınması yönündə dövlət tərəfindən görülən tədbirlərə tərəfdardırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769

Oxşar yazılar