YAP 11 martda mitinqə çağırışla bağlı araşdırma aparıb
09 mart 2011 14:16 (UTC +04:00)

YAP 11 martda mitinqə çağırışla bağlı araşdırma aparıb

Bu barədə APA-ya məlumat verən YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının sözlərinə görə, araşdırma zamanı məlum olub ki, sosial şəbəkələrdə, xüsusilə də “facebook” və “twiter”də martın 11-i tarixi üçün Bakı şəhərində mitinq keçirilməsi ilə bağlı çağırış edənlərin əksəriyyəti Azərbaycanda yaşamayan şəxslərdir:

“İkincisi, məlum olub ki, sosial şəbəkələrdə çağırışa qoşulma adı altında göstərilən rəqəm tamamilə saxtadır. Bu çağırışa az sayda adam qoşulub ki, onların da xeyli hissəsi xarici ölkələrdə yaşayır. Digər tərəfdən, “11 mart” çağırışı adı altında fəaliyyət göstərən qruplara cəlb olunan şəxsləri əslində əvvəlcə müxtəlif adlar altında olan qruplara cəlb edib, sonradan “özününküləşdiriblər”. Yəni, indi “11 mart” adı altında olan qrupların əvvəlki adı başqa cür olub. Onlar iki-üç dəfə ad dəyişikliyi edib, gənclərin təhsilə münasibəti, asudə vaxtı və s. adlar altında yaradılmış qruplara aid toplanan rəqəmləri üstü-üstə gələrək bəyan ediblər ki, guya bu qədər şəxs onları müdafiə edir. Biz başqa bir nüansa da diqqət yetirmişik. Söhbət ondan gedir ki, 11 martla bağlı qrupda erməni gəncləri də onların tərəfdarı kimi iştirak edirlər. Orada hətta erməni dilində olan yazılar da var ki, guya onlar da bu hərəkata qoşulublar. Gülməli bir situasiya yaranıb: Azərbaycanda, Bakıda aksiya keçirmək istəyirlər, ancaq aksiya keçirmək istəyənlərin əksəriyyəti xaricdə yaşayır, bir qismi isə Ermənistandadır. Erməni gəlib Bakıdakı toplantıda iştirak edəcək? Yenə deyirəm, çox gülməlidir. Bu faktın özü göstərir ki, radikal yönümlü müxalifət Azərbaycan əleyhinə erməni ilə də əməkdaşlıq etməyə hazırdır. Mən burada təəccüblü bir şey də görmürəm. Çünki bu adamlar - başda İsa Qəmbər və Əli Kərimli olmaqla - Azərbaycanın siyasət tarixində daim naxələf, antimilli hərəkətləri ilə yadda qalıblar. Bu adamlar insanların hislərindən şəxsi maraqları üçün istifadə ediblər. Ona görə də mən nə 11 mart, nə də 12 martda Azərbaycanda, Bakı şəhərində hansısa kütləvi iğtişaşın, hərəkatın baş verəcəyini təsəvvür belə eləmirəm. Çünki Azərbaycan gəncliyi prezident İlham Əliyevin siyasətini müdafiə edir. Bu gün xaricdə təhsil alan minlərlə Azərbaycan gənci bizə internet vasitəsilə yazdığı məktubunda 11 martla bağlı qaldırılan hay-küyü pislədiyini bildirib. Biz bunu YAP gənclərinin sosial şəbəkələrdə yaratdıqları müxtəlif qruplara gələn yazılarda da görürük. Digər tərəfdən, bu gün Azərbaycan sabit şəkildə inkişaf edir”.

M. Qurbanlı deyib ki, sabit bir şəraitdə ölkəni xaosa sürükləməyə cəhd göstərmək, ölkənin milli maraqlarına zidd hərəkətlər edərək hansısa dairələrin sifarişlərini yerinə yetirmək Azərbaycan xalqı tərəfindən rədd edilib: “Bu gün də rədd edilir, sabah da rədd ediləcək. Hesab edirəm ki, İsa Qəmbər və onun ətrafındakıların hay-küyünün arxasında yalnız imitasiya yaranır. Bu imitasiyada məqsəd isə öz mövcudluqlarını nümayiş etdirməkdən başqa bir şey deyil. Onların çağırışlarına qoşulan insanlar Azərbaycanda 0,1 faizdən də dəfələrlə az ola bilər. Ona görə də çağırışlar heç bir nəticə verməyəcək”.

M. Qurbanlı Bakıya qoşun yığılması ilə bağlı müxalifət mətbuatında yazılanlarla bağlı da fikirlərini açıqlayıb: “Əvvəla, olmayan bir gücə qarşı qoşun yığmağa ehtiyac yoxdur. İkincisi də Azərbaycan Ordusunun vəzifəsi ölkəmizin müstəqilliyini və təhlükəsizliyini qorumaq, xüsusilə Qarabağ cəbhəsində erməni təcavüzünə qarşı dayanaraq onu dəf etməkdən ibarətdir. Azərbaycanda mövcud şərait o qədər sabitdir ki, hansısa formada küçələrə çıxmağa cəhd edən azlığa qarşı ordudan istifadə etməyə ehtiyac qalmır. Azərbaycanda prezident İlham Əliyevin siyasətini müdafiə edən insanların sayı kifayət qədərdir, onun arxalandığı və rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası, partiyamızın 500 mindən artıq üzvü var. Azərbaycanda hansısa qüvvələrə qarşı siyasi, ideoloji müstəvidə mübarizə aparmaq üçün bizim gücümüz kifayət qədərdir. Ona görə də bəzi qəzetlərin, xüsusilə də “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin guya “ordu yığılır”, “təlim keçilir” kimi yazıları yalandan başqa bir şey deyil. Digər tərəfdən, orduda bu və ya digər təlimlər keçirilirsə, bu, Azərbaycan xalqına qarşı yox, təcavüzkar Ermənistana qarşı hazırlıq məqsədilə edilir. Bu kimi yazılarla ictimai rəyi çaşdırmağa çalışırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar