Türkiyə və Azərbaycanın “beyin mərkəzləri” memorandum imzalayacaq
04 mart 2011 11:08 (UTC +04:00)

Türkiyə və Azərbaycanın “beyin mərkəzləri” memorandum imzalayacaq

Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin direktoru, Xarici İşlər naziri Əhməd Davudoğlunun müşaviri, professor Bülənt Arasın başçılıq etdiyi nümayəndə heyəti 5-7 mart tarixlərində Azərbaycanda səfərdə olacaq.

Strateji Araşdırmalar Mərkəzindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında əməkdaşlığa dair memorandum imzalanacaq.

Qeyd edək ki, Türkiyəli qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidləri yad edəcək, şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyacaqlar.

Azərbaycana səfər çərçivəsində Bülənt Aras və onun başçılıq etdiyi nümayəndə heyəti cəbhə xəttində yerləşən “N” saylı hissəyə baş çəkəcəklər. Türkiyə Xarici İşlər Nazirliliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ”Dəyişən dünya sistemi və onun Cənubi Qafqaz regionuna təsiri” mövzusunda mühazirə ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar