“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda beynəlxalq konfrans bu gün başa çatacaq
03 mart 2011 13:23 (UTC +04:00)

“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda beynəlxalq konfrans bu gün başa çatacaq

Lent.az-ın məlumatına görə, konfransın 1-ci sessiyasına “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı sədrlik edib.

1-ci sessiyada əsas çıxışı “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid edib. “Azərbaycan mediasında redaksiya müstəqilliyi” mövzusunda çıxış edən Rəşad Məcid ölkədə rəsmi qəzetlərin çoxluğunu müsbət hal kimi qiymətləndirməyib. Onun fikrincə, ölkədə bir rəsmi qəzetin çıxması kifayətdir: “Hər nazirlik, dövlət qurumu və ya hansısa siyasi partiya bir qəzet açır. Belə qəzetlər də yalnız onların təbliğatı ilə məşğul olur. Bu halda isə redaksiya müstəqilliyindən söz açmaq belə düz deyil. Biz belə bir təklif irəli sürmüşük ki, KİV haqqında qanunda müvafiq məsələ ilə bağlı maddə çıxarılsın, nazirliklərə, siyasi partiyalar belə bir səlahiyyət verilməsin”.

Rəşad Məcid mediada redaksiya müstəqilliyini iqtisadi müstəqilliklə əlaqədar olduğunu deyib: “İqtisadi müstəqillik olmasa, hansısa redaksiya öz fikrini deməkdə çətinlik çəkəcək. Sponsorların, təsisçilərin istədiklərini etməyə məcbur olacaq. Bu baxımdan reklam bazarı da arzuladığımız səviyyədə deyil”.

Konfransda “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və Azər Həsrət də müvafiq mövzu ətrafında çıxış ediblər.

Bu gün başa çatacaq konfransın sonunda Azərbaycanda media etikası, şəffaflıq və redaksiya müstəqilliyi bəyannaməsinin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, “Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda keçirilən iki günlük beynəlxalq konfrans Beynəlxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Demokratik Jurnalistlər Liqasının, Jurnalistlərin Həmkarlar İttifaqının və “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən ibarət olan “Söz azadlığı və Peşəkarlığı Koalisiyası” tərəfindən təşkil olunub. “Etik jurnalist təşəbbüsləri - Azərbaycan” layihəsi çərçivəsində keçirilən konfransın maliyyə yardımçısı Avropa ittifaqının Azərbaycan nümayəndəliyidir.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar